Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili saxlanılıb. Prokurorluğun məlumatına görə, onunla prosessual razılaşma bağlanıb və o, “xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması” ittihamı ilə Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsi üzrə beş il müddətinə azadlıqdan məhrum edilib.
“Bundan əlavə, əlavə cəza tədbiri olaraq ona 1 milyon lari (təxminən 370 min ABŞ dolları) məbləğində cərimə tətbiq edilib. Həmçinin cinayət fəaliyyəti nəticəsində əldə edilmiş və yaşayış yerində aparılan axtarış zamanı götürülmüş pul vəsaiti dövlətin xeyrinə müsadirə olunacaq.
İrakli Qaribaşvili törətdiyi cinayəti etiraf edir və prosessual razılaşmanın şərtləri ilə razılaşır. Prokurorluğun prosessual razılaşma ilə bağlı vəsatəti məhkəmə tərəfindən artıq təmin edilib”, – deyə prokurorluğun açıqlamasında bildirilir.
Prokurorluğun məlumatına görə, 2019–2024-cü illərdə Gürcüstanın müdafiə naziri və baş naziri vəzifələrini tutmuş İrakli Qaribaşvilinin gizli şəkildə müxtəlif sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və bundan xüsusilə külli miqdarda qanunsuz gəlir əldə etdiyi müəyyən edilib.
Bildirilir ki, qanunsuz gəlirləri leqallaşdırmaq məqsədilə o, vergi bəyannaməsində saxta məlumatlar göstərib və iri məbləğdə vəsaiti ailə üzvündən hədiyyə kimi aldığını iddia edib.