Gürcüstanın iqtidar partiyasının sədri hesab edir ki, “Prayd Həftəsi” keçirmək olmaz
“Həmrəylik naminə ləyaqət marşı” – iyulun 5-də “Tbilisi Prayd” tərəfindən təşkil olunan aksiya belə adlanır. Aksiyada LGBT birliyi nümayəndələri, müxtəlif vətəndaş cəmiyyəti fəalları və təşkilatları iştirak edəcək.
Bu insanların tədbir keçirməsinə icazə vermək lazım deyil – parlamentin keçmiş spikeri, indi isə “Gürcü arzusu” iqtidar partiyasının sədri İrakli Kobaxidze bəyan edib.
Onun sözlərinə görə, prayd təşkilatçıların üzərlərinə daha çox məsuliyyət götürməli və tədbiri planlaşdırmamalıdırlar.
“Mənim bu məsələyə öz münasibətim var və mən hesab edirəm ki, bütün konteksti nəzərə alaraq, bu insanlara bu tədbiri keçirməyə icazə verilməməlidir… Bu konteksti nəzərə alaraq, məsuliyyətli insanlar bir qayda olaraq belə şey planlaşdırmamalıdırlar”, – İrakli Kobaxidze deyib.
- “Evdən çıxandan sonra geri salamat qayıdıb-qayıtmayacağını heç vaxt bilmirsən”
- Nifrət içində həyat. Gürcüstanda LGBT və onların valideynləri
İyunun 15-də “Eri” ultra-sağ partiyasının yaradıcısı Levan Vasadze “Gürcü arzusuna” iyulun 5-də keçirilməsi planlaşdırılan “Ləyaqət marşı”nın təxirə salınması üçün 10 gün vaxt verib.
O, hakimiyyəti təhdid edib və hökuməti eskalasiya və münaqişəyə imkan verməməyə çağırıb.
“Tbilisi Prayd”ın icraçı direktoru Giorgi Tabaqari Kobaxidzenin bəyanatını “utancverici” adlandırıb.
Tabaqarinin sözlərinə görə, konstsusionalist və Gürcüstanın hazırkı konstitusiyasının müəllifinin əsas qanunu pozaraq belə bəyanatlar etməsi məyusedicidir.
“İrakli Kobaxidze patriarxlığa, Rusiyaya və Kremlin klounu Levan Vasadzeyə xoş gəlməyə çalışır”, – Tabaqari bildirib.
Giorgi Tabaqari – “Tbilisi Prayd”ın icraçı direktoru
“Biz kvir-insanlar öz problemllərimiz haqda yüksəkdən danışmalıyıq. Siz elə eləməlisiz ki, bizim səsimiz ailəmiz, dostlarımız, həmkarlarımız, həmvətənlərimiz və dövlətimiz tərəfindən eşidilsin!” – “Tbilisi Prayd”ın bəyanatında deyilir.
Təşkilat dövlətdən tələb edir:
- insana istiqamətlənmiş siyasətin təmin olunmasını;
- bərabər mühitin yaradılması, homofobiya, stiqma və diskriminasiyanın qarşısının alınması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini;
- nifrət zəminində cinayətlərin lazımi səviyyədə istintaqının təmin olunmasını və ədalət prinsipinə əməl olunmasını;
- seksual oriyentasiyasından və gender kimliyindən asılı olmayaraq bütün vətəndaşların təhlükəsizliyinin və ifadə azadlığının təmin edilməsi.