Gürcüstanın ilk vətəndaşları Avropaya vizasız uçdular
Gürcüstanın ilk vətəndaşları Avropa İttifaqı ilə vizasız rejimdən yararlanıb, martın 28-i saat 04:55-də Tbilisi Beynəlxalq Aeroportundan Varşavaya uçub. Bu səhər Tbilisi və Kutaisidən Aİ ölkələrinə bir neçə uçuş reys həyata keçirilib.
“Viza almaq məcburiyyətinin olmaması qəribə hissdir. Konsulluqda neçə saat keçirməli olmadım və bu çox rahatdır. Hamını bu tarix gün münasibətilə təbrik edirəm”, – Tbilisi-Varşava reysinin sərnişinlərindən biri Tanta Mumladze “Rustavi-2” telekanalının jurnalistlərinə bildirib. O, turist kimi Hamburqa səfər edir və bir həftədən sonra qayıdacaq.
Səhər saat 7-də Gürcüstanın baş naziri Georgi Kvirikaşvili hökumət nümayəndələri, tələbələr və alimlərlə birlikdə Afinaya uçub.
“Bu gün tarixi gündür – Gürcüstan vətəndaşları üçün Aİ ölkələrində, Şengen zonasında vizasız hərəkət açıldı. Bu, böyük nailiyyətdir, həm də Gürcüstan vətəndaşları üçün Avropa İttifaqını, Avropanın dayaq nöqtəsi olan dəyərləri daha yaxşı öyrənmək üçün əla imkandır. Bu, tələbələrin müxtəlif təhsil proqramlarında iştirakı üçün də yaxşı imkandır”, – Georgi Kvirikaşvili aeroportda bildirib.
Onun sözlərinə görə, Gürcüstan nümayəndə heyəti Afinada görüşlər keçirəcək, gündüz isə Brüsselə yola düşəcək, “hökumətin yalnız ardıcıl və intensiv işinin deyil, həm də vətəndaşların böyük iştirakının nəticəsi olan bu böyük nailiyyəti orada qeyd edəcəklər”.
Bu gündən – martın 28-dən Gürcüstan üçün Şengen zonasına vizasız rejim qüvvəyə mindi. Bununla əlaqədar olaraq Gürcüstan XİN-i sərhədçilərin Aİ ölkələrinə yola düşən Gürcüstan vətəndaşları ilə ətraflı müsahibələr keçirməli olduğuna dair sərəncam imzalayıb.
Gürcüstan vətəndaşları Şengen zonasında 180 gün müddətində maksimum 90 gün vizasız qala biləcəklər. Vizasız rejim Avropa İttifaqının (Aİ) 22 ölkəsini əhatə edən Şengen zonasında, Aİ üzvü olmayan 4 ölkədə və Şengen zonasına daxil olmağa namizəd olan 4 ölkədə azad hərəkəti nəzərdə tutur.
Üzv-ölkələr: Belçika, Almaniya, Danimarka, İspaniya, İtaliya, Estoniya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Yunanıstan, Fransa, Sloveniya, Slovakiya, Macarıstan, Finlandiya, İsveç, Çexiya.
Üzv olmayan ölkələr: İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə.
Namizəd ölkələr: Bolqarıstan, Kipr, Rumıniya, Xorvatiya.
Aİ-nin iki ölkəsi istisna sayılır: Böyük Britaniya və İrlandiya, onlarla Gürcüstan arasında viza rejimi saxlanılır.
Rejimdən kim və necə istifadə edə biləcək?
- Gürcüstan vətəndaşları Şenqen zonası ölkələrində ( həmçinin, Şengen zonasına daxil olmağa hazırlaşan – Rumıniya, Bolqarıstan, Kipr və Xorvatiya kimi ölkələrdə) 90-180 gün ərazində vizasız qala və bir ölkədən digərinə səyahət edə bilər.
- 90 gündən daha çox qaldığı təqdirdə Gürcüstan vətəndaşı Şengen zonası ölkələrindən çıxarılacaq və Gürcüstana deportasiya ediləcək. Bu təqdirdə həmin vətəndaş 5 il müddətində vizasız gediş-gəliş imtiyazından məhrum olacaq.
- Vizasız səyahət etmək üçün Gürcüstan vətəndaşından pasport, gediş –dönüş bileti, öz maliyyə vəziyyətini təsdiq edən sənəd və rezerv edilmiş otellə bağlı məlumatlar tələb olunur. Gürcüstan vətəndaşı sözügedən sənədləri konsulluqda deyil, sərhəddə təqdim edir.
- Viza sadələşdirilməsinin iş və təhsillə bağlı uzun və qısa müddətli vizalara aidiyyatı yoxdur. Bu tip vizanın əldə edilməsi üçün konsulluğa müraciət etməlidirlər.
Hansı halda vizasız rejim dayandırıla bilər?
- Əgər Gürcüstan readmisiya məsələsində əməkdaşlıq etməzsə (Aİ-ə Gürcüstandan gəlmiş və deportasiya edilmiş öz və xarici vətəndaşların qəbulu).
- Əgər sığınacaq axtaranların sayı hiss olunacaq qədər artarsaю
- Aİ sərhədini qeyri-leqal keçənlərin sayı kəskin artarsa.