Gürcüstanın birinci prezidentinin oğluna atəş açıblar. Tsotne Qamsaxurdia ağır yaralanıb
Paylaşmaq
Paylaşmaq
Hadisə dekabrın 19-da axşam vaxtı Tbilisinin mərkəzində, bir vaxtlar prezident Qamsaxurdianın yaşadığı evin yaxınlığında baş verib.
Birinci prezidentin oğlu huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun döş qəfəsi nahiyəsinə və başına bir neçə bıçaq zərbəsi endirilib.
Həkimlər iki çətin əməliyyat aparıblar – biri ürək və ağciyərlər nahiyəsində, digəri başda. Vəziyyəti çox ağır kimi qiymətləndirilir.
Hücum etmiş şəxs qaçıb gizlənə bilib. Polis hələlik Tsotne Qamsaxurdiaya kimin hücum etdiyini bildirmir.
Tsotne Qamsaxurdia. Foto: Azadlıq Radiosu
DİN artıq Gürcüstan CM-nin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə araşdırmaya başlayıb.
Versiyalardan birinə görə, hücum etmiş şəxs Qamsaxurdianın qonşusu olub və onların arasında on il əvvəl münaqişə baş verib. 2011-ci ilin aprelində Qamsaxurdia David Bacelidzenin yaralanmasında təqsirli bilinmiş və doqquz il altı ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Gürcüstan nəşrlərindən biri anonim mənbəyə istinadla yazır ki, bu, qisas olub.
Bəzi müşahidəçilər istisna etmirlər ki, hadisə Tsotne Qamsaxurdianın müxalifətçi fəaliyyəti ilə bağlı ola bilər. Hadisədən bir neçə saat öncə “Facebook”da Qamsaxurdia baş nazirin regional məsələlər üzrə müşaviri Sozar Subarinin ünvanına tənqidi fikirlər bildirib və senzuradan kənar ifadələr işlədib.
•2018-ci ilin dekabrında Tsotne və qardaşı Konstantine atalarının ölümü ilə bağlı işin araşdırılmasının sona çatdırılması tələbi ilə aclıq elan etmişdilər.
•Zviad Qamsaxurdia 1991-1992-ci illərdə, cəmi doqquz ay Gürcüstanın prezidenti olub. 1992-ci ilin yanvarında o, silahlı çevriliş nəticəsində devrilib. Qamsaxurdia Gürcüstandan qaçıb, mühacirətdə olub. 1993-cü ilin sonlarında Dzveli Xibula kəndində sona qədər aydın olmayan şəraitdə həlak olub.