Gürcüstanın Baş naziri: "Müxalifətin hazırkı rusofobiyası Qlobal Müharibə Partiyasının direktividir"
Kobaxidze Gürcüstandakı rusofobiya haqqında
Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə geniş bəyanat yayıb. O, bəyanatında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı, Gürcüstanın daxili siyasəti və müxalifət arasındakı əlaqələrdən danışıb.
Kobaxidzenin sözlərinə görə, “Qlobal Müharibə Partiyası” Ukraynadakı müharibədən “bütün dünyada, o cümlədən Gürcüstanda öz agenturası arasında rusofobiyanı ən yüksək səviyyədə qızışdırmaq” üçün istifadə edib.
Kobaxidze yazır ki, 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra Gürcüstandakı “müxalif, psevdoliberal azlıq” arasında Rusiyaya qarşı radikal münasibət özünü göstərməyə başlayıb. Onun fikrincə, Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal altında saxlamasına baxmayaraq, hətta 2008-ci ilin avqust müharibəsindən sonra belə bu cür əhvali-ruhiyyə mövcud olmayıb.
Baş nazir bəyanatında 2008-ci il müharibəsinin nəticələrini xatırladaraq qeyd edir ki, Rusiyanın hərbi təcavüzü nəticəsində 412 nəfər həlak olub, 2232 nəfər yaralanıb, təxminən 30 min nəfər məcburi köçkünə çevrilib, 120-dən çox gürcü yaşayış məntəqəsi isə işğal xəttinin arxasında qalıb.
Kobaxidze iddia edir ki, həmin dövrdə hakimiyyətdə olan “Milli Hərəkat” partiyası Rusiyaya qarşı sərt siyasət yürütməyib, əksinə, rusiyalı turistləri və investorları Gürcüstana gəlməyə çağırıb, mədəni və iqtisadi əlaqələrin, eləcə də Rusiya kapitalının müxtəlif sektorlarda iştirakının genişlənməsinə şərait yaradıb, daha sonra isə Rusiya vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib.
Baş nazirin sözlərinə görə, həmin vaxt nə hakimiyyət nümayəndələri, nə də onların tərəfdarları bu siyasətə etiraz ediblər. Bu kontekstdə Kobaxidze hazırkı müxalif siyasətçilərdən və ictimai xadimlərdən bir neçəsinin, o cümlədən Elene Xoştariya və Zurab Caparidzenin adını çəkərək, onların həmin dövrdə Rusiya ilə münasibətlərin dərinləşdirilməsini dəstəklədiklərini bildirir.
Baş nazirin fikrincə, müxalif siyasi qüvvələr, onlarla əlaqəli QHT-lər və fəallar “xaricdən idarə olunan agentura”ya çevrilib və yalnız 2022-ci ildə Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Rusiyaya qarşı kəskin mənfi münasibət nümayiş etdirməyə başlayıblar.
Kobaxidze bildirir ki, Gürcüstan müxalifətinin bugünkü “rusofobiyası” səmimi deyil və bunu “xarici qüvvələrin direktivləri” ilə əlaqələndirir. Onun sözlərinə görə, əgər kimdəsə Rusiyaya qarşı radikal münasibət formalaşmalı idisə, bu, Rusiyanın Ukraynaya ikinci müdaxiləsindən sonra deyil, 2008-ci ilin avqust müharibəsindən sonra baş verməli idi.
Bəyanatın sonunda baş nazir cəmiyyətə sual ünvanlayır: niyə “agentura” 2008-ci il müharibəsindən sonra Rusiyaya qarşı belə münasibət göstərməyib, bu mövqe yalnız Ukraynada davam edən müharibə fonunda formalaşıb? Kobaxidze hesab edir ki, cəmiyyət bu suala “asanlıqla məntiqli izah tapacaq”.
“Mən hesab edirəm ki, cəmiyyətin düşünməli olduğu bir məsələ mütləq gündəmə gətirilməlidir. Hamımız bilirik ki, həm keçmişdə, həm də bu gün Gürcüstandakı agentura xarici qüvvələrin göstərişləri əsasında fəaliyyət göstərir və onların vətəni Gürcüstan deyil, “dərin dövlət”dir.
Bu fonda maraqlıdır ki, rusofobiya üçün ən ciddi səbəbin mövcud olduğu vaxtda, yəni 2008-ci ilin avqust müharibəsindən sonra niyə onlara belə bir tapşırıq verilmirdi və indi, Rusiya təcavüzünün qurbanı onların formal vətəni deyil, başqa, hərçənd dost ölkə olduğu halda niyə onlara rusofobiya tapşırılıb? Düşünürəm ki, cəmiyyət bu məntiqsizliyə asanlıqla məntiqli izah tapacaq”, – Kobaxidze yazır.
Kobaxidze Gürcüstandakı rusofobiya haqqında