Gürcüstanın baş naziri Cenevrə formatını genişləndirmyi təklif edir
foto: REUTERS/David Mdzinaraşvili
Gürcüstan hökuməti Cenevrə və “Abaşidze-Karasin” formatının fəallaşmasını və barışıq siyasəti çərçivəsində “yüksək səviyyədə maraqlı təkliflər paketi” təqdim etmək istəyir. Baş nazir Giorgi Kvirikaşvili parlament müxalifəti ilə görüşündə bu bəyanatla çıxış edib.
Gürcüstanın baş naziri bildirib ki, ökə strateji müttəfiqləri ilə “Cenevrə formatının əhəmiyyətli dərəcədə aktivləşdirilməsi, nümayəndəlik səviyyəsinin yüksəldilməsi, mandatı münaqişənin siyasi nizamlanması yollarının müzakirəsinə başlamağa imkan verən dərəcəyə qədər genişləndirməsi” məsələləri ətrafında “fəal dialoq” aparır.
Baş nazirin sözlərinə görə, Tbilisi Cenevrə danışıqları iştirakçılarının nümayəndəlik səviyyəsinin artırılmasını istəyir. O bildirib ki, özü danışıqlar masasına oturmağa hazırdır: “Nazir müavini səviyyəsindən ən azı baş nazir səviyyəsinə keçmək lazımdır, Cenevrə formatının fəaliyyətində şəxsən iştirak etməyə hazıram”.
“Bundan başqa, biz özümüz hazırıq, strateji tərəfdaşlarımızdan da xahiş və tələb edirik ki, atəşkəs elan olunması haqda razılaşmanın mandatı münaqişənin siyasi yolla nizamlanması haqda danışıqların aparılmasına imkan verəcək formata yüksəldilsin”, – baş nazir bildirib. Amma bununla belə o vurğulayıb ki, “Rusiyanın bugünkü davranışları bu planın reallaşdırılmasına xüsusi ümid yeri qoymur”.
“Yenə də hesab edirəm ki, biz konstruktiv yanaşma sərgiləməli və bunu addım-addım həyata keçirməliyik”, – Kvirikaşvili deyib.
- 2008-ci il avqust müharibəsindən sonra Rusiya və Gürcüstan arasında bütün birbaşa əlaqələr kəsilib və danışıqlar üzrə Cenevrə beynəlxalq formatı yaradılıb. Siyasi diskussiyaların belə bir formatının təşkil olunması haqda qərar 2008-ci il avqustun 12-də əldə edilmiş atəşkəs haqda razılaşmaya müvafiq olaraq qəbul edilib. Hər il danışıqların 4 raundu keçirilir. Gürcüstan və Rusiyadan başqa Cenevrə danışıqlarında ABŞ nümayəndəsi, BMT, Aİ və ATƏT-i təmsil edən həmsədrlər də iştirak edir. Müzakirələrə Sxinvali və Suxumi nümayəndələri də cəlb olunub. Cenevrə beynəlxalq danışıqları paralel olaraq iki işçi qrupda aparılır: birincidə təhlükəsizlik məsələləri (məsələn, Rusiya ilə Gürcüstan arasında güc tətbiq edilməməsi və Gürcüstanın işğal olunmuş ərazilərində beynəlxalq təhlükəsizlik mexanizminin yaradılması haqda razılaşmanın əldə edilməsi) müzakirə olunur; ikincidə isə zorla köçürülmüş şəxslərin problemləri, qaçqınların qaytarılması ilə bağlı məsələlər və digər humanitar problemlər (məsələn, doğma dildə təhsil almaq, mədəni irsin qorunması, işğal xəttində azad hərəkət imkanı və sair) nəzərdən keçirilir. Cenevrə formatı siyasi aspektlərə toxunmur.
- “Gürcü arzusu” hakimiyyətə gələndən sonra Rusiya ilə münasibətlərin nizamlanmasını prioritet elan edib. 2013-cü ildə birbaşa Gürcüstan-Rusiya dialoqu bərpa olunub. Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər məsələsi üzrə şəxsi nümayəndəsi postu təsis edib və bu vəzifəyə Rusiya səfiri təcrübəsinə sahib olan diplomat Zurab Abaşidzeni təyin edib. Bundan sonra Zurab Abaşidzenin RF xarici işlər nazirinin müavini Qriqori Karasinlə mütəmadi görüşü şəklində Rusiya ilə danışıqların yeni formatı yaradılıb. İqtisadiyyat, mədəniyyət və humanitar sahə ilə bağlı məsələlər onların müzakirə mövzularıdır. Karasin-Abaşidze formatında əldə edilmiş razılıqlar əsasında 2013-cü ildə Gürcüstan məhsulları – meyvə, tərəvəz, şərab və mineral sular Rusiya bazarlarına yenidən ixrac edilməyə başlayıb. Bundan başqa Gürcüstan və Rusiya arasında mütəmasi avia-reyslər də bərpa olunub.