Gürcüstanın ardınca Ukrayna üçün də tezliklə Avropa İttifaqı ilə vizasız rejim tətbiq edilə bilər
Paylaşmaq
Paylaşmaq
Fevralın 28-də Aİ ölkələri, Avropa Parlamenti nümayəndələri və Avropa Komissiyası ilə konsultasiyalarda Ukrayna vətəndaşları üçün viza liberallaşması prosedurasının işə salınması ilə bağlı razılıq əldə edilib.
Bu haqda görüşdə iştirak edən Maltanın Aİ-dəki nümayəndəliyi xəbər verib.
Artıq cümə axşamı, martın 2-də Aİ üzv ölkələrinin daimi nümayəndələrinin (COREPER) Brüsseldə baş tutacaq görüşündə Ukrayna üçün vizaların ləğvi məsələsi müzakirəyə çıxarılacaq.
Bundan sonra məsələ Avropa Parlamentinin Vətəndaş Azadlıqları Komitəsi tərəfindən dəstəklənməlidir, daha sonra parlamentdə səsverməyə qoyulmalıdır və nəhayət, sənəd Avropa Şurasının formal təsdiqini almalıdır.
Ukrayna ilə Aİ arasında vizasız rejimlə bağlı danışıqlar 2008-ci ildən davam edir.
Xatırladaq ki, Avropa Şurası fevralın 27-də Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsini yekun olaraq təsdiqlədi. Viza liberallaşması haqda saziş bu gün, martın 1-də Brüsseldə, Avropa vaxtı ilə saat 14.00-da imzalanmalıdır.
Gürcüstan vətəndaşları, daha sonra həm də Ukrayna vətəndaşları Böyük Britaniya və İrlandiya istisna olmaqla Avropa İttifaqı ölkələrinə 180 gün ərzində 90 gün müddətinə öz biometrik pasportları ilə gedə biləcəklər. Vizasız rejim onlara Avropada işləmək hüququ verməyəcək.