Gürcüstanın Ali Məhkəməsində “Rustavi-2” müxalif teleşirkətinin işinə baxılmağa başlanıb
Gürcüstan Ali Məhkəməsinin Böyük Kollegiyası martın 2-də ən iri müxalif “Rustavi-2” teleşirkətinin kimə məxsus olması ilə bağlı işə baxıb. Məhkəmə dinləmələri qapalı rejimdə keçirilir, iclasda tərəflərin nümayəndələri iştirak etmir. Məhkəmə qərarının nə vaxt çıxarılacağı məlum deyil. Ali məhkəmə teleşirkətin sabiq sahibinə qaytarılacağına, ya da indiki sahiblərin mülkiyyətində qalacağına qəti surətdə qərar verməlidir.
Hazırda Ali Məhkəmənin binası qarşısında teleşirkət rəhbərliyi və onun tərəfdarları tərəfindən təşkil edilmiş etiraz aksiyası keçirilir.”Rustavi-2”-də bəyan edirlər ki, nümayişçilər məhkəmə qərarı çıxmayanacan dağılışan deyillər. Çıxış edənlər – jurnalistlər, müxtəlif siyasi partiya və ictimai təşkilatların nümayəndələri hakimiyyəti söz azadlığının məhdudlaşdırılması cəhdində ittiham edir və hakimləri hökumətin sifarişini yerinə yetirməməyə səsləyirlər.