Gürcüstanın Ali Məhkəməsi əsas müxalif teleşirkətin sahibinin dəyişməsi haqda qərar çıxarıb
Gürcüstanın Ali Məhkəməsinin Böyük Kollegiyası əsas müxalif teleşirkət olan “Rustavi-2”-nin işi üzrə qərar verib və teleşirkətin keçmiş sahibinə qaytarılmasını qət edib. Teleşirkətin səhmlərinin 60 faizi Kibar Xalvaşiyə, 40 faizi isə “Panorama” AMC-ə verilib. Qərar qətidir və şikayət oluna bilməz.
Teleşirkət rəhbərliyi, jurnalistlər, müxalif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının əksəriyyəti hazırki hakimiyyətə loyal mövqedə olan Kibar Xalvaşinin tələbini əsassız sayır və teleşirkətin işi ilə bağlı məhkəməni hakimiyyətin müstəqil teleşirkəti ələ keçirmək cəhdilə əlaqələndirirlər.
Teleşirkətin baş direktoru Nika Qvamariya bildirib ki, “Rustavi-2” rəhbərliyi Gürcüstanın Konstitusiya Məhkəməsinə, həmçinin Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək Ali Məhkəmənin qərarının qüvvədən salınmasını tələb etmək niyyətindədir. Qvaramiyanın bildirdiyinə görə, Gürcüstan hökuməti “öz hakimiyyətini delegitimasiya etmək yoluna ayaq basıb” və “Gürcüstan xalqı düşünməlidir, ona söz azadlığı lazımdır, yoxsa Bidzina İvanişvili (keçmiş baş nazir, milyarder, iqtidar partiyasının qeyri-formal lideri)”.
Teleşirkətin informasiyasına görə, məhkəmə qərarı elan olunandan sonra teleşirkətin binasının ətrafına onun tərəfdarları toplaşmağa başlayıb. Bütün gün ərzində “Rustavi-2” tərəfdarları Ali Məhkəmə binası qarşısında etiraz aksiyası keçiriblər.
Müxalif “Rustavi-2” teleşirkəti ətrafında mübahisə artıq iki ildir ki, davam edir. Teleşirkətin əvvəlki sahibi Kibar Xalvaşi əvvəlki hakimiyyətin təzyiqi altında satdığını əsas gətirərək onun geri qaytarılmasını tələb etmişdi. İyunda Apellyasiya Məhkəməsi şəhər məhkəməsinin teleşirkətin Xalvaşiyə qaytarılması haqda qərarını qüvvədə saxlamışdı. “Rustavi-2”-nin vəkilləri bu qərardan Ali Məhkəməyə şikayət vermişdi.