Marneulinin yeni seçilmiş meri Teymur Abbasov dünən əhali ilə ilk görüşünü keçirib. Kaçaqi kəndinin mərkəzində keçirilən tədbirdə ərazinin su təchizatı məsələsi müzakirə edilib, amma görüşə ancaq kişilər gəlib.
“Qadınlar indi yemək hazırlayır, burda nə işləri var?”
“Bizim mentalitetimiz belədir – kəndin mərkəzində qadınların heç bir işi ola bilməz, ümumiyyətlə belə işlər qadınlar olmadan həll edilir”;
“Qadınlar kəndin mərkəzinə gedib-gəlmir. Bu bizim özünəməxsus mədəniyyətimizdir”.
“Marneuli” radiosunun jurnalistləri merlə görüşdə qadınların niyə iştirak etmədikləri ilə maraqlandıqları zaman bu cavabları alıblar.
Kaçaqi kəndinin kişilərinin gender məsələsinə yanaşması yeni Marneuli meri üçün də keçərli imiş: “Yəqin günorta vaxtıdır deyə qadınlar doğrudan da ərləri üçün nahar hazırlayıır”.
Ancaq kişilərin iştirak etdiyi görüşdə kəndin içməli su ilə təchizatı məsələsinə baxılıb.
Daha sonra Gürcüstanın “Netqazeti” internet qəzetinə müsahibəsində Abbasov bunları deyib:
“Orada bir neçə kişi vardı, qadınlar da az aralıda oturmuşdular”.
Amma görüşün əks olunduğu kadrlarda qadınlar görünmür:
Baş tutmuş tədbirə artıq Gürcüstan ombudsmeni də reaksiya verib və Marneuli merini gələcəkdə seksist çıxışlara yol verməməyə, gender bərabərliyi istiqamətində işləməyə çağırıb.
“Gender əlamətinə görə insan haqlarının pozulması praktikasının mer tərəfindən dəstəklənməsi biabırçılıqdır, üstəlik də üzərinə bərabərliyin təmin edilməsi ilə bağlı öhdəlik götürmüşkən”, – ombudsmenin bəyanatında deyilir.
Ombudsmenin sözlərinə görə, qadınların sosial və siyasi həyatda iştirakı ölkənin əsas problemlərindən biri olaraq qalır. “Bu məsələyə vəzifəli şəxsin bu cür münasibəti gələcəkdə qadınların sadəcə gender əlamətlərinə görə daha çox diskriminasiyaya məruz qalacaqları təhlükəsini yaradır”, – ombudsmenin bəyanatında qeyd olunub.
2017-ci ildə gender bərabərsizliyi indeksi üzrə Gürcüstan qadınların siyasi həyatda iştirakı göstəricisinə görə 144 ölkə arasında 94-cü yeri tutub.