Gürcüstanda xarici qrantların əldə olunması üçün yeni qaydaların tətbiqi planlaşdırılır
Paylaşmaq
Paylaşmaq
Gürcüstan – xəbərlər
“Interpressnews“un məlumatına görə, təkpartiyalı Gürcüstan parlamenti yeni qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır. Bu qanuna əsasən, xarici qrant almaq üçün hökumətin təsdiqi tələb olunacaq.
Bundan əlavə, seçki platformasını bəyan edən siyasi partiyalar və fərdi şəxslər artıq xarici təşkilatların dəstəyi ilə mühazirələr, seminarlar və digər oxşar ictimai tədbirlər təşkil edə bilməyəcəklər.
Eyni qayda beynəlxalq təşkilatlara da şamil olunur – onlar da siyasi partiyalar üçün mühazirə, seminar və digər ictimai tədbirlər təşkil edə bilməyəcəklər.
Yeni qrant qanununun icrasına nəzarəti Korrupsiyaya Qarşı Mübarizə Bürosu həyata keçirəcək. Hökumətin “icazəsi” olmadan qrant əldə edənlərə həmin qrantın iki misli miqdarında cərimə tətbiq olunacaq.
Yeni qaydadan istisna olan hallar bunlardır: beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilən qrantlar; Gürcüstandan kənarda orta və ali təhsil, elmi-tədqiqat məqsədilə verilən fərdi təqaüdlər; eləcə də Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilatların aldıqları qrantlar.
Hakim “Gürcü Arzusu” partiyasının üzvü Arçil Gorduladze bu təşəbbüsü belə əsaslandırır: dövlətin xaricdən göndərilən vəsaitlərə nəzarət etmək imkanına malik olması vacibdir.
“Özünə hörmət edən istənilən dövlət təkcə hüquqa deyil, eyni zamanda vəzifəsidir ki, özünü, maraqlarını və xalqını kobud xarici müdaxilədən qorusun. Komandamızın təşəbbüs göstərdiyi qanunvericilik dəyişiklikləri də məhz bu məqsədə xidmət edir. Xaricdən ölkəyə vəsait daxil olursa, dövlət mütləq şəkildə bu vəsaitlərin hara xərcləndiyini nəzarət edib qiymətləndirməlidir”, – deyə Gorduladze “İmedi” telekanalına açıqlamasında bildirib.