Gürcüstanda xarici agentlər haqqında qanuna etiraz edən fəallar evlərinin qarşısında döyülür
Gürcüstanda xarici agentlər haqqında qanun
Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı etiraz aksiyalarında iştirak edən fəallara və bu etirazları açıq şəkildə dəstəkləyən və hakim “Gürcü Arzusu” partiyasına qarşı çıxan tanınmış simalara qarşı hücumlar davam edir.
Mayın 8-də axşam saatlarında Tbilisidə azı üç fəal naməlum qruplar tərəfindən şiddətli döyülüb.
Onlardan biri də müxalif “Milli Hərəkat” partiyasının (həbsdə olan eks-prezident Mixail Saakaşvili tərəfindən yaradılmış) katibliyinin üzvü Dimitri Çikovanidir. Çikovani Tbilisinin mərkəzi rayonu olan Sololakidə yaşadığı çoxmərtəbəli binanın girişində hücuma məruz qalıb.
Çikovaninin beş təcavüzkar tərəfindən döyüldüyünü göstərən müşahidə kamerası görüntüləri yayılıb. Videoda onların üzləri görünmür.
Siyasətçi Xeçinaşvili klinikasına köçürülüb. Onun vəziyyəti “narahatedici” kimi qiymətləndirilir və kəllə-beyin travması alıb.
“Bu, rejimin sonu, son nəfəsləridir. Bizi qorxutmayacaqlar. “Gürcü Arzusu” öz varlığına son qoyacaq, Rusiya rejimi bizim ölkədə mövcud ola bilməyəcək”, – deyə Çikovani Pirveli telekanalında deyib.
Elə həmin gün axşam naməlum şəxslər beynəlxalq münasibətlər üzrə ekspert Gia Caparidzeyə də hücum ediblər. O, “Qirçi – daha çox Azadlıq” müxalifət partiyasının lideri Zurab Caparidzenin qardaşıdır və həm də xarici agentlər haqqında qanuna çox fəal şəkildə qarşı çıxır.
Siyasətçi Zurab Caparidze Facebook-da yazıb: “Bir neçə nəfər evin girişində qardaşımı gözləyib və fiziki hücuma məruz qoyublar”.
Gia Caparidze özü klinikanın girişində jurnalistlərə qısa şərh verib:
“Ölkədə baş verənlər mənim başıma gəldi: rusiyapərəstlərin hücumuna məruz qaldım. İki, bəlkə də üç və ya daha çox hücumçunu mütləq xatırlayıram. Məni evin yaxınlığında qarşıladılar. Döyməyə başladılar, bir çoxları məni dəyənək kimi şeylərlə döydülər, qışqırdılar ki, niyə “Rusiya qanununa” qarşıyam”, – deyə Gia Caparidze bildirib.
Caparidze bir müddət xəstəxanada qalmalı olub. “Ümumi vəziyyəti stabildir, müşahidə altındadır, müayinələr aparılır. Bu, kəllə-beyin travmasıdır, onun başındakı yaraları görmək mümkündür”, – deyə klinikanın növbətçi həkimi şərh edib.
Elə həmin gecə xarici agentlər haqqında qanunun digər fəal əleyhdarı Laşa Qvinianidze də küçədə döyülüb. O, mayın 11-də Tbilisidə keçirilməsi planlaşdırılan “Avropa marşı”nın təşkilatçılarından biridir.
Hücum zamanı Qvinianidze dostu ilə birlikdə olub və o, hücumdan bir fraqment çəkə bilib. Fəalın partlamış alt dodağına tikiş qoyulub.
“Bu, mənim siyasi fəaliyyətimlə bağlıdır. Bundan əvvəl 72 yaşlı atama zəng edib, hədə-qorxu gəliblər və axşam təhdid həyata keçirilib. Baxmayaraq ki, hamımız bunun telefon bəyanatları səviyyəsində qalacağını düşünürdük”, – Laşa Qvinianidze Pirveli telekanalına bildirib.
Bu, son günlər siyasətçilərə və tənqidi fikirli vətəndaşlara qarşı hücumla bağlı ilk hadisələr deyil.
Mayın 7-də naməlum şəxs İnformasiya Azadlığının İnkişafı İnstitutunun (IDFI) icraçı direktoru Giorgi Klidiaşviliyə və “Formula” telekanalının çəkiliş qrupuna hücum edib. Hücum günün günorta çağı Tbilisinin mərkəzində, İsveç səfirliyinin düz qarşısında baş verib.
Mayın 5-də Lançxutidə müəllim, beynəlxalq və milli mükafatlar laureatı Lado Axazava öz evinin girişində hücuma məruz qalıb. Axazava xarici agentlər haqqında qanuna etirazlarda fəal iştirak edir. O, hücum zamanı oğlunun yanında olub.
Mayın 1-də keçirilən mitinqdə Milli Hərəkatın lideri Levan Xabeişvili həbs edilib və xüsusi təyinatlılar tərəfindən şiddətli döyülüb.
Yüzlərlə fəal və jurnalistə hədə-qorxu dolu zənglər gəlir
Fiziki zorakılıqla yanaşı, son günlər xarici agentlər haqqında qanuna qarşı çıxan yüzlərlə insan psixoloji zorakılığa və təhdidlərə məruz qalıb. Onlara telefonla zəng edir, təhqir edir, hədələyirlər və onların ev ünvanlarını bildiklərini deyirlər. JAMnews-un redaktorlarına da belə zənglər gəlir.
Həmçinin mayın 8-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, hökumət “şantajda iştirak edən şəxslər haqqında məlumatların toplanacağı” xüsusi məlumat bazası yaradır.
Vətəndaş cəmiyyəti nümayəndələri deyirlər ki, bu təşəbbüs mahiyyətcə tənqidi fikirli insanların reyestrinin yaradılmasını nəzərdə tutur.
Mayın 11-də Avropa Günündə Tbilisidə və digər şəhərlərdə “Xarici agentlər haqqında Rusiya qanunu”na qarşı yürüş planlaşdırılır. Onun iştirakçıları eyni vaxtda şəhərin bir neçə ərazisində toplaşaraq parlament binasına doğru yürüş edəcəklər.
Hakim “Gürcü arzusu” partiyası ilk dəfə “Xarici agentlər haqqında” qanun layihəsini bir il əvvəl, 2023-cü ilin martında irəli sürmüşdü. Parlament layihəni birinci oxunuşda qəbul etsə də, vətəndaşların kütləvi etirazları və Qərbin sərt tənqidi nəticəsində hökumət qanunu geri çəkməli oldu.
2024-cü il aprelin 3-də hakim partiyanın qanun layihəsini parlamentə qaytarmaq qərarına gəldiyi məlum oldu. Məzmun eyni qalsa da, bu dəfə layihə “Xarici təsirin şəffaflığı haqqında” adlandırıldı.
Qanun layihəsinin geri qaytarılması 2023-cü ildən daha böyük etirazlarla müşayiət olundu. Hər gün 100 minə yaxın etirazçı küçələrə çıxır.
Gürcüstanın Qərb tərəfdaşları qanun layihəsini kəskin tənqid edir və hökumətə açıq şəkildə xəbərdarlıq edirlər ki, bu qanunun qəbulu Gürcüstanın Avropaya inteqrasiyasına ciddi problemlər yaradacaq.
Hazırda layihə iki oxunuşda qəbul edilib. Mayın 17-də parlament qanunu üçüncü, yekun oxunuşda qəbul etməyə hazırlaşır.