Gürcüstanda siyasi məhbuslar əfv olunanların siyahısına daxil edilməyib
Gürcüstanda əfv siyahısı
“Gürcü Arzusu”ndan olan prezident Mixeil Kavelaşvili Rəbbin Vəftizi bayramı münasibətilə 159 məhkumu əfv edib. Onların arasında bir nəfər də olsun siyasi məhbus olmayıb.
Yanvarın 19-u səhər tezdən, hələ sübh açılmamış jurnalistlər və məhbusların ailə üzvləri siyasi məhbusların cəza çəkdiyi müxtəlif həbsxanaların qarşısına toplaşıblar.
Tbilisidə gün ərzində qar yağıb, şaxta olub. Belə hava şəraitinə baxmayaraq, jurnalistlər, siyasi məhbusların ailə üzvləri və onların vəkilləri gün boyu Tbilisi həbsxanalarının qarşısında əfv qərarını gözləyiblər, ümid ediblər ki, siyahıya vicdan məhbusları da salınacaq.
Ənənəvi olaraq Gürcüstan prezidenti müxtəlif dini bayramlarda bir sıra məhkumun əfv edilməsi barədə sərəncamlar imzalayır. Gözlənilirdi ki, Avropayönlü etirazlar zamanı saxlanılan siyasi məhbuslar, o cümlədən jurnalist Mzia Amaqlobeli də əfv olunanlar arasında olacaq.
Adətən əfv qərarı günün birinci yarısında elan edilir. Lakin bu dəfə, gözləntilərin və ictimai marağın xüsusilə yüksək olduğu bir vaxtda bu baş vermədi.
Prezident administrasiyası əfv qərarını təxminən saat 22:30-da açıqladı. Sənəddə yalnız əfv olunanların sayı – 159 nəfər göstərilirdi, adlar qeyd olunmamışdı (adətən əfv edilən şəxslərin siyahısı dərc edilmir).
Gərginlik getdikcə daha da artırdı. Mzia Amaqlobelinin həmkarları, ailə üzvləri, eləcə də digər vicdan məhbuslarının yaxınları gecəni şaxtalı havada həbsxananın divarları önündə keçiriblər.
Lakin yanvarın 20-si günorta saatlarına doğru aydın olub ki, gözləntilər doğrulmayıb.
Media artıq xəbər verib ki, nə Mzia Amaqlobeli, nə də digər siyasi məhbuslar əfv olunanların siyahısına daxil edilib. Mzianın həmkarları və ailə üzvləri Batumelebi və Netgazeti nəşrlərinin qurucusunun hələ də saxlanıldığı Rustavi həbsxanasının ətrafını tərk ediblər.
Mzianın qardaşı Malxaz Amaqlobeli də həbsxananın yanına gəlib. Onun sözlərinə görə, əfv barədə heç bir məlumatı olmayıb və buna ümid etməyib, lakin yenə də evdə qala bilməyib. O bildirib ki, Mzia azadlığa çıxmasa belə, səhər onun yanına gələcək ki, qucaqlaya bilsin.

Səhər saatlarında Malxaz Amaqlobeliyə həqiqətən də bacısı ilə görüşməyə icazə verilib. O, ziyarətdən sonra jurnalistlərə bildirib ki, Mzia özünü gümrah və nikbin hiss edir:
“O dedi ki, biz bir il sonra, o azadlığa çıxanda görüşəcəyik”.
Mzia Amaqlobelinin əfv ediləcəyi ilə bağlı gözləntilərin konkret olaraq nəyə əsaslandığı və bunun haradan qaynaqlandığı məlum deyil. Mediada bunu təsdiqləyən hər hansı məlumat yayılmayıb.
Əksinə, “Gürcü Arzusu” partiyasının nümayəndələri vurğulayırdılar ki, prezident yalnız peşman olan, üzr istəyən və şəxsən əfv üçün müraciət edənləri bağışlayacaq.
Nə Mzia Amaqlobeli, nə də digər vicdan məhbusları Kavelaşviliyə əfv üçün müraciət ediblər.
Gürcüstan prezidentinin əfvi. Siyasi aspektlər
Gürcüstan Konstitusiyasına əsasən, əfv prezidentin müstəsna səlahiyyətidir və bu səlahiyyət fərdi qaydada humanist aktın həyata keçirilməsinə yönəlib.
Prezident bu hüquqdan istənilən vaxt istifadə edə bilər, lakin ənənəvi olaraq əfvlər mühüm dini tarixlərlə əlaqələndirilir.
Əfv prezidentə aşağıdakı hüquqları verir:
- Məhkumu cəzadan tam azad etmək;
- Cəzanı yüngülləşdirmək;
- İttiham hökmünü ləğv etmək.
Əfvlərlə bağlı son statistika belədir:
Rəbbin Vəftizi (19 yanvar): 2026-cı il — 159 əfv olunan; 2025-ci il — 613 əfv olunan;
Giorqoba (23 noyabr): 2025-ci il — 49 əfv olunan;
Müqəddəs Məryəmin vəfatı günü (14 oktyabr): 2025-ci il — 70 əfv olunan.
Əfv amnistiya ilə qarışdırılmamalıdır. Əfv konkret şəxslərlə bağlı prezidentin fərdi qərarıdır. Amnistiya isə parlament tərəfindən qəbul edilən qərarla müəyyən kateqoriyadan olan məhkumların kütləvi şəkildə azad edilməsidir.
2019-cu ildə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin təşəbbüsü ilə əfv prosedurunda islahatlar aparılıb:
— əvvəlki illərdə mövcud olmuş Əfv Komissiyası ləğv edilib, əfv işlərinin hazırlanması prezident administrasiyasının müvafiq qurumuna həvalə olunub;
— əfv edilməsindən imtina edilən məhkumun altı ay ərzində yenidən müraciət etməsi qadağan edilib;
— prezident sərəncamı dərhal penitensiar xidmətə göndərilir, lakin icra müddəti qanunla müəyyən edilməyib.
Prezident qərar qəbul edərkən müvafiq qurumlar və ya mütəxəssislərlə məsləhətləşə bilər, lakin bu məcburi deyil.
Kavelaşevilinin əfvi
Vicdan məhbuslarının, o cümlədən Mzia Amaqlobelinin əfv ediləcəyi ilə bağlı ümidlər “Gürcü Arzusu”nun təbliğatçılarının ictimai çıxışlarda bu mövzunu qaldırmağa başlamalarından sonra formalaşıb.
Onların ritorikasında tez-tez “peşmançılıq” sözü səslənirdi, məhkumların törətdikləri əməllərə görə peşman olduqlarını bildirməli və prezidentdən əfv istəməli olduqları deyilirdi. Məhkumlar isə cavab olaraq bildiriblər ki, günahsız insanlar olduqları üçün “Gürcü Arzusu”nun qeyri-legitim prezidenti Mixeil Kavelaşvilidən heç vaxt əfv istəməyəcəklər.
Kavelaşvili hələ dekabr ayında yanvar ayında məhkumları əfv edəcəyini bəyan etmişdi. Müsahibələrindən biri zamanı jurnalistlər Belarus prezidenti Aleksandr Lukaşenkonun siyasi məhbusları əfv etməsini nümunə gətirərək soruşublar ki, Kavelaşvilinin əfvi vicdan məhbuslarına da şamil olunacaqmı. Kavelaşvili cavabında deyib:
“Sizin vicdan məhbusları adlandırdığınız insanlar cinayətlər törədiblər. Qoy səhvlərini etiraf etsinlər. Biz prosesləri izləyəcəyik, bu gün sizə kimisə əfv edəcəyim barədə cavab verə bilmərik və verməyəcəyik”.
“Gürcü Arzusu”nun nümayəndələri cinayətlərə görə peşmançılıq məsələsini ön plana çəkirlər, baxmayaraq ki, qanunvericilikdə belə bir şərt yoxdur və əfv aktının verilməsi üçün məhkumun prezidentə müraciət etməsi tələb olunmur. Məsələn, 2023-cü ildə o vaxtkı prezident Salome Zurabişvili “Mtavari” teleşirkətinin qurucusu Nika Qvaramianı əfv etmişdi, halbuki Qvaramia bununla bağlı müraciət etməmişdi.
19 yanvar. Əfv. Şərhlər
“Vahid Milli Hərəkat” müxalifət partiyasının liderlərindən biri Levan Sanikidze:
“Gürcü Arzusu” çalışır göstərsin ki, guya biabırçı namizədin, özlərinin saxta prezident elan etdikləri şəxsin hakimiyyəti var və əfv almaq üçün ondan yalvarmaq lazımdır… Bu insanlar legitimlik və ictimai dəstək qazana bilmirlər, amma nümayiş etdirməyə çalışırlar: “Bizim hakimiyyətimiz var, insanlar, bizim üçün legitim olub-olmamağımızın fərqi yoxdur!”.
“Gürcü Arzusu”ndan deputat Nino Tsilosani:
“Dünənki vəziyyətin daha bir absurd tərəfi ondan ibarətdir ki, onlar öz sözlərinə görə tanımadıqları prezidentdən əfv gözləyirdilər… Mitinqlər zamanı saxlanılan vətəndaşlar heç vaxt öz günahlarını etiraf etməyən insanlardır və cəmiyyət onların daha az radikal olacaqlarına əmin deyil”.
Siyasi məhbus Tornike Qoşadzenin anası Marizi Kobaxidze:
“Daxilimizdə hardasa bir ümid var idi, çünki onlar günahsızdırlar. Amma kukla hökumət yəqin deyəcək ki, onlar əfv istəməyiblər, yəni bizim cəsur oğlanlarımız özlərini alçaltmayıblar.
Bizim məhbuslarımız İrakli Qaribaşvili kimi deyil, <…> onlar qanunsuz şəkildə həbsdə saxlanılan Gürcüstan vətəndaşlarıdır. Mütləq zaman gələcək və onlar [“Gürcü Arzusu”] etdiklərinin hamısına görə cavab verəcəklər. Ölkədəki bu vəziyyət mütləq sona çatacaq, çünki bunlar siyasətçilər deyil, hökumət deyil, bunlar hakimiyyətə gətirilmiş savadsız idmançılardır”.
Parlament yaxınlığında Avropayönlü etirazlar zamanı saxlanılan Rezo Kiknadze:
“Ölkədəki vəziyyətə baxanda “Data Tutaşxia” romanındakı Arxipo Seturini xatırlayıram (totalitar hakimiyyətin alleqoriyası hesab olunur — JAMnews) və onu bu günə qədər hökuməti dəstəkləyənlərlə müqayisə edirəm… Mənim peşman olacağım heç nə yoxdur, ədalətsizliyə qarşı danışmağa davam edəcəyəm”.
Gürcüstanda əfv siyahısı