Gürcüstan Daxili İşlər Nazirliyi rusiyayönlü sağçı “Alt-İnfo” radikal qruplaşmasının 26 üzvünü, o cümlədən liderləri Zurab Maxaradze və İrakli Martınenkonu, həmçinin Quram və Aleksandr Palavandişvilini saxlayıb. Saxlanılma “Tbilisi Pride” həftəsi çərçivəsində festivala qarşı keçirilən etiraz aksiyası zamanı baş verib.
Onlar xuliqanlıq və polisin əmrinə tabe olmamaq ittihamı ilə inzibati qaydada həbs ediliblər və çox güman ki, bunun iyunun 27-də Zurab Maxaradze, Koka Morqoshia və Şota Martınenkonun polis tərəfindən dindirildikləri hədələmə və zorakılığa çağırış faktı ilə bağlı istintaq işilə heç bir əlaqəsi yoxdur.
İyulun 2-də Tbilisidə “Pride Həftəsi”nin sonuncu tədbiri planlaşdırılır – bu queer-musiqi festivalıdır.
Ötən il radikalların 50-dən çox media nümayəndəsinhücum etdiyi hadisələri nəzərə alaraq, bu il “Tbilisi Pride” ictimai aksiya keçirməkdən imtina edib. Buna baxmayaraq, “Həftə”nin elanından dərhal sonra rusiyayönlü qruplar onu pozmaq planlarını açıqlayıblar.
“Alt-İnfo”nun təsisçiləri Koka Morqoşia, Zurab Maxaradze və Şota Martınenko iyunun 27-də Tbilisi Polis Baş İdarəsinə dindirilmək üçün çağırılıblar.
Hüquq-mühafizə orqanları əməkdaşlarının sualları iyulun 2-də LGBT icmasına qarşı planlaşdırılan aksiya ilə bağlı olub. “Alt-İnfo”nun təsisçiləri müəyyən təxribatları istisna etmədiklərini desələr də, zorakılıq aksiyalarının olmayacağını təkid ediblər.
İyunun 27-də “Tbilisi Pride” fövqəladə brifinq keçirərək Gürcüstan hakimiyyətindən hər bir iştirakçının təhlükəsizliyini təmin etməyi xahiş edib. Gürcüstanın ictimai müdafiəçisi Nino Lomcaria bəyanata qoşulub.
Ukraynadakı müharibə ilə paralel olaraq, nümayəndələri ötən ilin sonunda siyasi partiya yaradan Rusiyayönümlü ultra-radikal “Alt-İnfo” media təşkilatı Gürcüstanda xüsusilə fəallaşıb.
“Alt-İnfo” kontentinin istehlakçılarına yalnız Ukraynadakı müharibənin rus versiyası – Ukraynanı təhrik edən Qərb və NATO naminə öz xalqını əsirgəməyən Zelenski haqqında məlumatlar verilir. Gürcüstan üçün isə, guya, yeganə xilas və praqmatik həll yolu Rusiya ilə dialoqdur və yalnız Rusiya işğal olunmuş əraziləri – Abxaziya və Cənubi Osetiyanı ölkəyə qaytara bilər. Telekanalın aparıcıları hadisələri belə təqdim edirlər.
Müxalifət hesab edir ki, bu təşkilatın arxasında hakimiyyət dayanır və onun güclənməsi ölkənin təhlükəsizliyinə xələl gətirir. “Alt-İnfo” qrupunun hökumətlə əlaqəsini qeyri-hökumət təşkilatları və ekspertlər də təsdiqləyir.