Kaxetidə (şərqi Gürcüstan) din xadimləri kilsə camaatı ilə ünsiyyətin qeyri-adi formasını seçiblər.
Rahiblər bir neçə kənd məktəbinin şagirdlərinə elə havadanca xeyir-dua vermək qərarına gəliblər – onlar vertolyota oturub, məktəb həyətinə toplaşan uşaqların başına müqəddəs su səpiblər. Su ayinindən sonra onlar məktəblilərin üzərinə konfet də töküblər.
İoann ata bildirib ki, o, təhsil müəssisələrinin direktorlarından şagirdləri həyətə çıxarmağı xahiş edib.
“Növbəti il digər məktəblərdə də havadan xeyir-dua verəcək, sonra da konfet paylayacağıq”, – o qeyd edib.
Maraqlıdır ki, bu orijinal ideyanı həyata keçirmək üçün İoann ataya Gürcüstanın sərhəd polisi kömək edib və bu məqsədlə vertolyot ayrılıb.
İnsidentlə bağlı Gürcüstan DİN rəhbərliyinin qərarı ilə sərhəd polisinin yüksək vəzifəli əməkdaşı artıq işdən azad edilib. Məsələ burasındadır ki, kənar şəxslərin vertolyotun bortuna buraxılması qadağandır.
Baş müfəttişlik artıq faktla bağlı araşdırma aparır.
Məlum olub ki, bu, rahiblərin sərhəd vertolyotlarından istifadə etdiyi ilk hadisə deyil.
Mitropolit Sergi “Netqazeti” internet nəşrinə müsahibəsində bildirib ki, bəzən din xadimləri yeparxiyanı düşmənlərdən qorumaq üçün ikonalarla birlikdə onun üzərindən uçurlar. “Amma bu tez-tez olmur”, – mitropolit aydınlıq gətirib.