Gürcüstanda “Qrantlar haqqında” qanuna dəyişikliklər
Gürcüstan parlamentinin Hüquq Məsələləri üzrə Komitəsi “Gürcü Arzusu” partiyası tərəfindən irəli sürülən qanun layihəsini birinci oxunuşda dəstəkləyib. Layihəyə əsasən, xarici qrant almaq üçün hökumətin və ya onun səlahiyyət verdiyi şəxsin razılığı tələb olunacaq. Müvafiq dəyişikliklər “Qrantlar haqqında” qanuna daxil ediləcək.
“Gürcü Arzusu”nun deputatı Arçil Qorduladze parlament iclasında bildirib ki, qrantın məqsədinin dəyişdirilməsi və ya məbləğin təyinatı üzrə xərclənməməsi halları hökumətin razılığı verildikdən sonra məsuliyyətə səbəb olacaq.
Qorduladze həmçinin bildirib ki, yeni dəyişikliklərə əsasən, hökumət yalnız qrant müqaviləsinə deyil, həm də məsələni “müzakirə etmək üçün” lazım olan digər sənədlərə də çıxış hüququ əldə edəcək: “İkinci bənddə “hökumət yalnız [qrant] müqaviləsini deyil, həm də <…> qərar vermək üçün əlavə sənədləri və məlumatları nəzərdən keçirmək səlahiyyətinə malik olacaq” qeydini təklif edirik. Bu məqsədlə qanun layihəsinə qrant alan şəxsin qərarın verilməsi üçün əlavə sənədlər təqdim etməsi tələbinin daxil edilməsini tövsiyə edirik”.
Komitə həmçinin, fiziki şəxsin aldığı vəsaitlərin yoxlanılmasını nəzərdə tutan dəyişiklikləri də müzakirə edib:
“İnsanlar hökumətlə ümumiyyətlə hesablaşmaya və qanuni məhdudiyyətlərini nəzərə almaya bilərlər, buna görə də, əgər həmin vəsaitin qrant olduğu və hökumətin razılığını tələb etdiyi barədə şübhə varsa, Antikorrupsiya Bürosunun Gürcüstanda şəxs tərəfindən əldə olunan vəsaitləri yoxlaya bilməsinə imkan verən dəyişiklik tələb olunur. Əgər bu vəsaitin həqiqətən qrant olduğu təsdiqlənsə, onda qanun layihəsində nəzərdə tutulan prosedur başlayacaq”.
“Qrantlar haqqında” qanuna dəyişikliklərə dair daha ətraflı
“Gürcü Arzusu” hökuməti tərəfindən irəli sürülən qanun layihəsinə əsasən, artıq xarici qrant almaq üçün hökumətin və ya onun təyin etdiyi şəxsin razılığı tələb olunacaq. Bu dəyişikliklər “Qrantlar haqqında” qanuna əlavə ediləcək.
Dəyişikliklərə əsasən, hökumətin qrantı təsdiqləmək və ya rədd etmək üçün on gün vaxtı olacaq. Hökumətin qərarından şikayət vermək onun icrasını dayandırmayacaq.
Qanunun icrasına nəzarəti Antikorrupsiya Bürosu həyata keçirəcək. “İcazəsiz” qrant qəbul edilməsi halında, alınan məbləğin ikiqatı qədər cərimə tətbiq olunacaq.