İqtidarda olan “Gürcü arzusu” partiyasının liderləri ilə Gürcüstanın katolikos patriarxı İkinci İliya ilə görüşündən sonra marixuana becərilməsi ilə bağlı qanun layihəsi Gürcüstan parlamentindən geri çağırılıb.
Görüşdən sonra parlament spikeri Giorgi Kobaxidze bəyan edib ki, ruhanilərin və cəmiyyətin mövqeyindən başqa prezidentliyə hakimiyyətin namizədi Salome Zurabişvilinin də mövqeyi nəzərə alınıb, o da qanun layihəsinin əleyhinə çıxış edir.
“Partiyamızın daxilində əvvəlcədən müxtəlif mövqelər vardı. Biz ən başından bəyan etmişdik ki, istənilən qərar geniş məsləhətləşmələr və kilsənin razılığı ilə qəbul olunacaq. Biz bu vədimizə əməl etdik. Salome Zurabişvili cəmiyyətin əhvalından çıxış edərək qərarın qəbulunu ertələməyin məqsədyönlü olmadığı ilə bağlı prinsipial mövqe sərgiləyib. Müvafiq olaraq, biz bu qərarı indi qəbul etdik və layihəni geri çəkdik”, – Kobaxidze deyib.
• Sentyabrın 11-də Gürcüstan hökuməti qanunvericilik təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsə əsasən, Gürcüstanda tibbi və kosmetik məqsədlərlə ixrac üçün marixuananın becərilməsi nəzərdə tutulmuşdu. Təşəbbüs Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmışdı. Qanun layihəsində vurğulanırdı ki, Gürcüstanda marixuana yalnız tibbi və kosmetik məqsədlərlə ixrac edilmək üçün yetişdiriləcək.
• Bunun ardınca Gürcüstan Pravoslav Kilsəsi və cəmiyyətin böyük hissəsi etiraza başladı. Oktyabrda sənədin baxışı dayandırıldı, amma geri çağırılmadı. O zaman Kobaxidze bildirmişdi ki, qanun layihəsinin parlamentdə baxışına seçkilərdən sonra qayıdacaqlar.
• Bu yaxınlarda iqtidar partiyasının rəhbəri, milyarder Bidzina İvanişvili etiraf edib ki, Gürcüstanda tibbi məqsədlə marixuana becərilməsi ideyası üzərində iş prosesində şəxsən iştirak edib. Onun sözlərinə görə, marixuna ixracı Gürcüstana ildə milyard dollar qazanmaq imkanı verə bilərdi (Gürcüstan ÜDM-nin 6 faizə yaxını).