Gürcüstanda polis internet vasitəsilə narkotik yayan yeddi nəfəri saxlayıb
Gürcüstanın Daxili İşlər Nazirliyi internet vasitəsilə narkotik alverinin irimiqyaslı sxemini ifşa edib. Məsələ ilə bağlı polis yeddi nəfəri saxlayıb. Onların arasında bir ailənin dörd üzvü var – ana, ata və iki övlad.
İnternet vasitəsilə narkotik
“Yeddi nəfərdən ibarət mütəşəkkil qrup əvvəlcədən hazırlanmış plan üzrə hərəkət edib. Onlar internet vasitəsilə narkotik maddələrin qanunsuz satışı ilə məşğul olublar. Həyata keçirilmiş geniş miqyaslı əməliyyat nəticəsində mütəşəkkil qrupdan 2125 bağlamaya ayrılmış müxtəlif növ narkotik maddə müsadirə olunub”, – daxili işlər nazirinin müavini Vladimir Bortsvadze bildirib.
DİN-in məlumatına görə, bu iş üzrə araşdırma bir neçə ay davam edib. Məlum olub ki, təqsirləndirilənlər Matanqa platformasında “MEGASHOP” adı altında mağaza qeydiyyatdan keçiriblər, narkotik vasitələri də onun üzərindən satıblar.
Onlar narkotinləri kiçik bağlamalara bölür, Tbilisinin müxtəlif hissələrində gizli yerlərə yerləşdirir, şəklini çəkir, müvafiq təlimatlar və koordinatlarla birlikdə müştərilərə göndərirmişlər, ödəniş isə Matanqa saytında açdıqları hesablarına köçürülürmüş.
Təqsirləndirilənlərin üzərində, həmçinin evində və maşınında aparılan axtarış nəticəsində satış üçün hazırlanmış müxtəlif narkotik maddələrdən ibarət 2125 bağlama müsadirə olunub.
Müsadirə edilənlər arasında məsələn, MDMA, metamfetamin, amfetamin və kokain olub. Axtarış nəticəsində təqsirləndirilənlərin narkotik alveri zamanı istifadə etdikləri maşınlar, böyük məbləğdə pul, mobil telefonlar və kompüter texnikası da müsadirə edilib.
Mütəşəkkil qrup tərəfindən xüsusi iri həcmdə narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışı maddəsilə istintaq başlanıb. Bu maddə 8 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Məhkəmə təqsirləndirilənlər haqda istintaq müddətində həbs qətimkan tədbiri seçib.
DİN statistikası
Nazir müavininin məlumatına görə, 2019-cu il yanvarın 1-dən bu günə qədər polis 13 kiloqram heroin, 1530 soboteks və suboksin həbi, 2400 ekstazi həbi, 5 kiloqrama qədər yeni psixoaktiv maddə, 1 kiloqram 400 qram kokain və 350 qram psixotrop preparat müsadirə edib.
Bortsvadzenin açıqlamasına görə, 2019-cu il yanvarın 1-dən bu günə qədər DİN narkotiklə bağlı cinayətlərə görə 676 nəfəri məsuliyyətə cəlb edib, onlardan 55 nəfəri narkotik alverçisidir.
Saxlanılanlar ittihamları qəbul etmir
İnternet üzərindən narkotik alverinə görə saxlanılan ailə üzvlərindən biri ittihamı qəbul etmir və bildirir ki, narkotiki onun üzərinə “qoyublar”. Təqsirləndirilən Niki Abramidzenin vəkili Giorgi Laliaşvilinin Interpressnews agentliyinə verdiyi açıqlamaya görə, onun müvəkkili əvvəlcə təqsirini qəbul edib və istintaqa ifadə verib, amma sonra təqsirləndirilən şəxs qismində dindirilərkən deyib ki, günahı yoxdur.
Saxlanılanlardan digəri – Anna Abramidze susmaq hüququndan yararlanıb və ittihamları rədd edib.
“Bütün ailə saxlanılıb, əri və iki oğlu. O, buna görə çox narahatdır və ağlayır. Deyir ki, həqiqətən də kiçik həcmdə narkotik olub, amma evdən müsadirə ediləcək qədər yox”, – vəkili Mariam Popoşvili deyib.
Vəkilin məlumatına əsasən, onun müvəkkili istintaqla əməkdaşlıq edir və DNT analizi üçün nümunə də verib.
Gürcüstanda narkotik almaq nə dərəcədə asandır?
2018-ci ilin mayında Rustavi-2 telekanalı jurnalist araşdırması aparıb. Jurnalist rusdilli saytda qeydiyyatdan keçib, müvafiq elanı tapıb və bitkoinlə ödəniş edib. 15 dəqiqə sonra sifarişin hazır olduğu haqda ismarıc alıb. İsmarıcda alverçinin mefedron maddəsini yerləşdiyi yerin GPS koordinatları da qeyd olunub.
Göstərilən yerdə sarı kağıza bükülü konfetə bənzəyən bir şey tapan jurnalist patrul çağırıb, tapdığını onlara verib. Jurnalistlər bu araşdırmanı Tbilisidə naməlum narkotik vasitənin qəbulundan sonra 5 nəfərin ölməsi, 10 nəfərin ağır intoksikasiya ilə xəstəxanaya yerləşdirilməsindən sonra aparıblar.
O zaman polis iki nəfəri saxlamışdı və bildirilmişdi ki, internet vasitəsilə narkotik alveri həyata keçirən sxem ifşa olunub.