Gürcüstanda “geosiyasi seçkilər”in regiona təsiri. Bakıdan baxış
Gürcüstanda parlament seçkiləri
Gürcüstanda taleyüklü parlament seçkilərinə cəmi doqquz gün qalıb. Oktyabrın 26-da baş tutacaq seçkilərdə sadəcə yeni hökuməti hansı qüvvətlərin formalaşdıracağı yox, həm də ölkənin iyirmi ildir sadiq qaldığı Avropaya inteqrasiya kursu ilə davam edəcəyi, yoxsa bu vektordan çıxıb Şimala yönələcəyi məsələsi də aydın olacaq.
Bu aydınlanma regiona, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyəcək. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CSSC) analitikləri hesab edirlər ki, seçkilərin nəticələrindən və hakimiyyətə hansı qüvvələrin gəlməsindən asılı olmayaraq, Azərbaycan və Türkiyə Gürcüstanla üçtərəfli formatda əməkdaşlığı gücləndirməli və bu ölkə üçün yarana biləcək təhdidlərin qarşısının alınmasında ona köməklik göstərməlidir.
- “Ağ qızıl”ın qara günləri: “Xərc çox, subsidiya az, qazanc yetərsiz”
- Azərbaycanın quru sərhədlərinin bağlı qalmasının sadə insanların həyatında izi
- ABŞ prezidenti və Aİ Şurasının sədri seçildikdən sonra Cənubi Qafqazda nə və necə dəyişə bilər? Bakıdan baxış
JAMnews Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CSSC) Gürcüstanda gözlənilən parlament seçkilərinin nəticələrinin regiona təsiri haqda təhlilini təqdim edir:
“Gürcüstanda qarşıdan gələn parlament seçkiləri artıq “geosiyasi seçkilər” kimi xarakterizə olunur. Belə ki, xarici siyasət vektoru seçkiqabağı diskursda başlıca müzakirə mövzusuna çevrilib və hazırda cəmiyyətdə mövcud qütbləşmənin əsasını təşkil edir.
Yaranmış vəziyyətə görə məsuliyyət əlbəttə ki, ilk növbədə istər keçmiş, istərsə də indiki ölkə hakimiyyətinin üzərinə düşür. Çünki Gürcüstanda ənənəvi olaraq xarici qüvvələrin daxili işlərə qarşımasının qarşısı kifayət qədər alınmayıb. Məhz həmin qüvvələrin fəaliyyəti nəticəsində bu gün Gürcüstan cəmiyyətində ölkənin gələcək inkişaf yolu ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.
Təxminən iki onillik ərzində Cənubi Qafqazda geosiyasi status-kvo bərqərar olmuşdu. Gürcüstan üzünü Qərbə tutaraq Avropa İttifaqı və NATO ilə əməkdaşlığını inkişaf etdirib. Ermənistan Rusiya ilə strateji müttəfiqlik şərtlərinə uyğun olaraq KTMT və AAİİ kimi qurumlara inteqrasiyaya köklənib. Azərbaycan isə Qoşulmama Hərəkatının aparıcı üzvlərindən biri kimi hər zaman tərəfsiz və müstəqil siyasət yeritməyə üstünlük verib.
Lakin son iki ildə qlobal miqyasda cərəyan edən proseslərə bağlı olaraq bölgədəki geosiyasi status-kvo pozulmaqdadır. Ermənistanın Rusiya ilə, Gürcüstanın Qərblə münasibətləri korlanıb.
Digər tərəfdən, Ukrayna münaqişəsinin başlamasından sonra beynəlxalq aktorların Cənubi Qafqaza diqqəti artıb. Həm regionun qonşuları, həm də qlobal güc mərkəzləri Cənubi Qafqazdakı transformasiyalarda iştirak etmək niyyətlərini açıq şəkildə ortaya qoyublar.
Bütün bu proseslər fonunda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli işbirliyi regionun ən davamlı əməkdaşlıq formatı kimi artıq özünü təsdiq edib. Bu əməkdaşlığın bünövrəsi geniş miqyaslı iqtisadi layihələrlə möhkəmləndirilib. Üç ölkə arasındakı mövcud işbirliyi bərabər hüquqlu tərəfdaşlıq, qarşılıqlı faydalılıq və ümumi mənfəətlilik prinsipləri üzərində qurulub. Bu səbəblərdən günümüzdə Cənubi Qafqazın geosiyasi əhəmiyyəti anlayışında məhz sözügedən format ən ağır çəkiyə sahibdir.
Belə şəraitdə, hazırda Gürcüstandakı vəziyyət Azərbaycan üçün də olduqca əhəmiyyətlidir. Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının səmərəli olmasının əsas səbəbləri burada birgə fəaliyyətin hər üç dövlətin müstəqil, milli maraqlara söykənən və təbii ehtiyaclardan irəli gələn addımları üzərində qurulmasıdır. Bu baxımdan, Gürcüstanda parlament seçkilərindən sonra qurulacaq yeni hökumətin məhz bu meyarlara cavab verməsi vacibdir.
Rəsmi Tbilisinin hər hansı bir xarici qüvvənin təsiri altına düşməsi və Gürcüstan ərazisinin geosiyasi güc mərkəzlərinin mübarizəsi meydanına çevrilməsi ən arzuolunmaz ssenarilər sırasındadır. Belə olan halda, seçkilərin nəticələrindən və hakimiyyətə hansı qüvvələrin gəlməsindən asılı olmayaraq, Azərbaycan və Türkiyə Gürcüstanla üçtərəfli formatda əməkdaşlığı gücləndirməli və bu ölkə üçün yarana biləcək təhdidlərin qarşısının alınmasında ona köməklik göstərməlidir”.