Tbilisidə minlərlə insan seçki saxtakarlığına etiraz edir. Fotoreportaj
Noyabrın 8-də minlərlə insan Tbilisinin mərkəzində oktyabrın 31-də keçirilən parlament seçkilərinin saxtalaşdırılmasına qarşı etiraz aksiyasına toplaşıb.
Tribunadan bir-birinin ardınca müxalifətin liderləri çıxış edir, tanınmış musiqiçilər onları dəstəkləyir.
Müxalifət hökumətə ultimatum elan edib – Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya dərhal, artıq mitinq günü istefaya getməlidir. Məhz o, səslərin sayımında saxtakarlığa yol verməkdə günahlandırılır.
Hökumət müxalifətin ultimatumunu absurd adlandırır.
Müxalifət həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini və siyasi motivlərlə saxlanılan şəxslərin azad edilməsini tələb edir.
Tələblər yerinə yetirilməsə, müxalifət etirazı daimi davam etdirmək niyyətindədir. Parlament binasının qarşısına artıq çadırlar gətirilib.
Sabahdan, noyabrın 9-dan Gürcüstanda koronavirus yoluxmasının yeni güclü dalğasına görə sərt hərəkət məhdudiyyətinin tətbiq edilməsi – 22:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan olacaq – vəziyyəti daha da çətinləşdirir.
Müxalifət liderləri bildiriblər ki, bu məhdudiyyətlər məhz etirazların qarşısını almaq üçün qəbul edilib. Onlar istənilən halda aksiya yerində qalmaq niyyətindədirlər. Bütün iştirakçıları maska taxmağa və məsafə saxlamağa çağırırlar.
Tribuna qarşısında böyük plakat asılıb. Plakatda Gürcüstanı qeyri-formal idarə edən, “Gürcü arzusu” iqtidar partiyasının lideri oliqarx Bidzina İvanişvili Şimali Koreya liderinin əlini sıxır.
Tbilisidə aksiya gündüz saat üçdə başlayıb. Müxalif partiyalar əvvəlcə şəhərin müxtəlif yerlərində öz tərəfdarlarını toplayıblar, sonra isə mərkəzi Rustaveli prospektində parlament binasının qarşısına gəliblər.
Etirazı praktiki olaraq bütün müxalifət, onlarla müxtəlif platforma və dünya görüşlü böyük və kiçik partiya dəstəkləyib. Aksiya iştirakçıları arasında bir faizlik baryeri aşaraq parlamentə keçə bilən partiyalarda, lazım olan qədər səs toplaya bilməyənlər də var.
Rusiyayönlü reputasiyası olan “Vətənpərvərlər Alyansı” partiyası etirazlarda iştitrak etmir. Partiya liderləri İrma İnaşvili və David Tarxan-Muravi də seçkilərin saxtalaşdırıldığını bildiriblər yeni parlamentdə işləmək niyyətində deyillər, amma küçə etirazlarında iştirakdan imtina ediblər.
Tribunada çıxış edən siyasətçilər birbaşa Gürcüstanda və kənarda çoxlarının ölkənin qeyri-formal hakimi hesab etdiyi oliqarx, iqtidar partiyasının lideri Bidzina İvanişviliyə müraciət edirlər.
“İvanişvili, Gürcüstan sən deyilsən. Sən qəsbkarsan və əgər sən özün getməsən, Gürcüstan səni getməyə məcbur edəcək”, – “Vahid Milli Hərəkatın” liderlərindən biri Nika Meliya deyib.
“Bizim heç birimiz parlamentə girməyəcəyik. Biz səsləri oğurlayan satqınlarla danışmayacağıq və iş görməyəcəyik”, – “Lelo” partiyasının lideri Mamuka Xazaradze deyib.
“Mən burada üstünlüklərdən, parlamentdə işləməkdən imtina etmiş insanlarla birlikdə dayanmaqdan qürur duyuram. [Yeni siyasi] həyata ədalətsizlikdən başlamaq olmaz, yalanın yanında dayanmaq olmaz”, – “Avropa Gürcüstanı” partiyasının lideri David Bakradze deyib.
Respublikaçı David Berdzenişvili ölkənin strateşi tərəfdaşlarını gürcü xalqının seçiminin arxasında durmaq üçün müxalifətə yardım etməyə çağırıb.