Gürcüstanda NATO və Aİ üzvlüyünün tərəfdarları artıb
Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmasını ötən illərlə müqayisədə daha çox adam dəstəkləyir – ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi sorğunun nəticələri bu cürdür. Sorğu iyunun 23-dən iyulun 8-ə qədər keçirilib.
Respondentlərin 75 faizi NATO-ya, 81 faizi isə Aİ-yə daxil olmağın lehinə səs verib. Ötən illə müqayisədə Gürcüstanın bu qurumlara daxil olmasını istəyənlərin sayı 10 faiz artıb. Vətəndaşlar arasına Avro-Atlantik məkana inteqrasiya kursu yalnız 2013-cü ildə bu cür dəstək qazanmışdı.
Xarici siyasətdən başqa, sorğu Gürcüstanda baş verən hadisələr, büdcə prioritetləri, demokratiya və ətraf mühit kimi məsələləri də əhatə edib.
Siyasi maraqlar
Sorğu edilənlərin əksəriyyəti bildirir ki, heç bir siyasi partiya onlarn baxışlarına uyğun gəlmir. Sorğu olunanların 18 faizi iqtidarda olan “Gürcü arzusu” partiyasına, 10 faiz isə Mixail Saakaşvilinin “Vahid Milli Hərəkatına”, 3 faiz isə Leyboristlər Partiyasına rəğbət bəsləyir.
“Əgər sabah prezident seçkiləri olsaydı, kimə səs verərdiz?” sualına 74 faiz “bilmirəm” cavabını verib (bu, misilsiz nəticədir). Artıq seçkiyə gedəcəyinə qərar vermiş respondentlərin 20 faizi “Gürcü arzusu” partiyasının, 8 faizi Vahid Milli Hərərəkatın, 7 faizi isə Avropa Gürcüstanı Partiyasının (David Dakradze) namizədini dəstəkləyəcəyini bildirib.
İşsizlik
Sorğu edilənlər növbəti dəfə əsas problem olaraq yoxsulluğu və işsizliyi göstəriblər. Respondentlərin 59 faizi bildirib ki, ötən ay bircə gün də işləməyiblər. Bu suala müsbət cavab verənlər 30 faiz təşkil edib. Onlardan 11 faizi növbəti ay əllərindəki işi saxlaya biləcəklərinə əmin olmadığını bildirib.
Sorğuya əsasən, əhalinin yarıdan çoxu vətəndaşların özlərinə pensiya yığacaları ilə bağlı pensiya islahatları haqda heç nə bilmir.
Ətraf mühit
Gürcüstan əhalisi ölkədə ətraf mühitlə bağlı durumun kritik həddə olduğu qənaətindədir və hesab edir ki, Gürcüstan üçün havanın çirklənməsi, ərzaq təhlükəsizliyi, emal olunmayan zibil torpaq və suyun çirklənməsi aktualdır.
Tbilisi sakinlərinin 90 faizi avtomobillərin icbari texniki baxışı, zibilin çeşidlənməsi, ərzaqların mütəmadi yoxlanılması, polietilen paketlərdən istifadənin qadağan edilməsi və ictimai nəqliyyatın yaxşılaşdırılması kimi tədbirləri dəstəkləyir.
Bundan başqa əksəriyyət hesab edir ki, hökumət parkları və yaşıl əraziləri qorumalı və genişləndirməlidir, parklarda inşaat işlərinə icazə verməməlidir.
Büdcə prioritetləri
Gürcüstan əhalisinin böyük hissəsinin ekologiya məsələlərini problemli hesab etməsinə baxmayaraq, cəmi 15 faiz hesab edir ki, bu sahəyə ayrılan maliyyə artırılmalıdır. Əksəriyyət səhiyyəni (61 faiz), təhsili (55 faiz), pensiya və sosial təminatı (47 faiz) prioritet hesab edir.