Tbilisinin Deda Ena parkında “Ağ səs” hərəkatının üzvləri və artist Giorgi Giorqanaşvilinin yaxınları yığışıb. Aksiya iştirakçıları Gürcüstandakı narkosiyasətdən narazılıqlarını ifadə ediblər.
“Birlikdə Baxalaya dəstək”, “Saxtakarlığın daha bir qurbanı”, “Qanun qorumalıdır” – aksiya iştirakçıları bu cür şüarlarla “Baxala” kimi tanınan Giorqanaşvilinin saxlanmasına qarşı çıxış ediblər. Onu 5 ay əvvəl şəxsi məqsədlər üçün külli miqdarda buprenorfin saxlanmaq ittihamı ilə həbs ediblər, bu da 8 ildən 20 ilə qədər, hətta ömürlük həbs cəzasını nəzərdə tutur.
Artistin özü də aksiya iştirakçıları kimi bildirir ki, narkotiklər ona atılıb və işdə çox sayda pozuntular var.
Saxlanılan Giorgi Giorqanaşvilinin həbsxanadan göndərdiyi məktub aksiyada oxunub. Giorqanaşvili kompromisə getməyəcəyini bildirib.
“Prokurorluq məni tələsdirməyə və ya məhv etməyə çalışacaq. Mənə bəraət verilsə, polislərin başı gedəcək, buna görə də onlar məni sındırmaq üçün maksimal psixoloji təzyiq göstərməyə çalışacaqlar. İctimaiyyətə müraciət etmək istəyirəm – biganə qalmayın, bu cür problemlə hər kəs üzləşə bilər. Qanunvericiliyin liberallaşdırılmasını və ağır narkosiyasətin ləğvini tələb etmək lazımdır, əks halda o, hüquq-mühafizə orqanlarının insanlara və cəmiyyətə təzyiq rıçaqı olaraq qalacaq”, – məktubda deyilir.
İyulun 14-də Tbilisi şəhər məhkəməsində bu işlə bağlı dinləmələr davam edəcək.
Müəyyən şəxslər qrupu artıq uzun müddətdir ki, Gürcüstanda həyata keçirilən narkosiyasətə qarşı çıxır. Onların sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif məqsədlərlə narkotik atırlar. Analoji ittiham “Birja mafiya” rep qrupuna qarşı irəli sürüləndə cəmiyyətin bir hissəsi hüquq-mühafizə qurumlarını bunda ittiham etdi. Onda Tbilisinin küçələrinə minlərlə insan çıxdı. Qrup iştirakçıları bildirib ki, narkotiklər onlara atılıb, onların özləri isə heç istifadəçi də deyillər.