Gürcüstanda məşhur Batumelebi nəşri vergi borclarına görə bağlana bilər. Oxucular onu xilas etmək üçün birləşirlər
Gürcü mediasının hesablarına həbs
Gürcüstanın populyar nəşri olan Batumelebi-nin hesabları və əmlakı Gəlir Xidməti tərəfindən müsadirə olunub. Nəşr 282 191 lari (təxminən 105 min dollar) məbləğində vergi borcunu ödəməməkdə ittiham olunur. Onu müdafiə etmək üçün oxucular və digər müstəqil medianın nümayəndələri dərhal birləşiblər.
Onlar ianə toplama kampaniyasına başlayıblar və bu məqalə dərc olunan vaxta qədər borcun əsas hissəsini ödəməyə kifayət edən məbləğ artıq yığılmışdı.
İanələr aşağıdakı hesablara qəbul olunur:
#GE93TB0850845062122335 — Zviad Koridze (TBC)
#GE11BG0000000122153100 — Gela Mtivlishvili (Bank of Georgia)
Bu dəstək dalğası fonunda Gəlir Xidməti mövqeyini yumşaldıb. Əvvəllər redaksiyanın bu xahişini üç dəfə rədd edən qurum indi qalan borcun tədricən ödənməsi üçün ödəmə cədvəli tərtib etməyə razılaşıb.
Batumelebi o qəzetdir ki, qurucusu və direktoru Mzia Amaqlobeli Batumi polis rəisinin təhqirlərinə cavab olaraq sillə vurduğu üçün artıq yeddi aydır ki, istintaq təcridxanasında saxlanılır.
Avqustun 1-nə onun məhkəməsində sonuncu iclas təyin olunub və hökm oxunacaq. Mzianı ittiham edən cinayət maddəsinə əsasən, onu dörd ildən yeddi ilədək həbs cəzası gözləyir.
“Rəsmi səbəb borcdur. Əsl səbəb isə fəaliyyətimizi dayandırmaqdır,” — deyə redaksiya bəyan edib.
- “Sadəcə rejim elə istədiyi üçün illərlə həbsdə qala bilərəm.” Mziya Amaqlobelinin məhkəməsi yekunlaşmaq üzrədir
- Gürcü QHT-ləri beynəlxalq tərəfdaşları Gürcüstanla bağlı mövqelərini açıqlamağa çağırıblar
Nə baş verib?
“Batumelebi” MMC iki nəşri birləşdirir: Acarıstan bölgəsində yerləşən Batumelebi və Netgazeti. 21 iyul tarixinə olan məlumata görə, Batumelebi-nin dövlətə olan borcu 282 191 lari (təxminən 105 min dollar) təşkil edir.
Bu məbləğə əsas borc – 47 min lari (təxminən 17 min dollar), həmin borca hesablanmış faiz – 126 min lari (təxminən 46 min dollar) və cərimə – 109 min lari (təxminən 40 min dollar) daxildir.
Nəşr borcu tanıyıb və onu hissə-hissə ödəyib. Lakin bir neçə gün əvvəl redaksiya ilə gəlir xidməti əlaqə saxlayaraq bildirib ki, borcun beş gün ərzində tam ödənilməsi tələb olunur.
Əks halda, hesabların boşaldılacağı, əmlakın müsadirə ediləcəyi və Milli İcra Bürosunun redaksiyanın əmlakını, yəni ofis və redaksiya-texniki avadanlıqlarını satışa çıxarmaq üçün prosedur başladılacağı ilə hədələyiblər.
Batumelebi redaksiyası rəsmi olaraq gəlir xidmətinə borcun mərhələli şəkildə ödənilməsi üçün qrafik tərtib olunmasını xahiş edib. Bu, Gürcüstanın vergi məcəlləsi ilə mümkündür. Lakin bu müraciət rədd edilib.
Və 17 iyul tarixində Batumelebi-nin hesabları bloklanıb.
Batumelebi redaksiyasının bəyanatı
“Borcun qəfil şəkildə tam məbləğdə tələb olunması və digər bütün tədbirlər Batumelebi-nin təsisçisi Mzia Amaqlobelinin müflisləşdirilməsinə və nəticədə onun yaratdığı media qurumunun məhv edilməsinə yönəlib.
Bunu təsdiqləyən sadə bir fakt var.
Gürcüstan Gəlir Xidmətinin 2025-ci il 21 may tarixli rəsmi məlumatına əsasən, (hakimiyyətə yaxın olan) Imedi telekanalının büdcəyə olan borcu 17 milyon lari (təxminən 6 milyon dollar), Rustavi-2-nin (bu da hökumətyönlü media sayılır) borcu isə 25 milyon lari (təxminən 9 milyon dollar) təşkil edir.
Maliyyə nazirliyinin bəyan etdiyi məqsəd heç bir halda medianı susdurmaq və ya onun fəaliyyətini məhdudlaşdırmaq olmamalıdır. Əksinə, məqsəd vergi yolu ilə gəlir əldə etmək və dövlətin inkişafına töhfə vermək üçün istənilən biznesin fəaliyyətini dəstəkləmək olmalıdır.
Üstəlik, söz azadlığı demokratik dövlətin əsas dəyərlərindən biridir və onun ləğvi dövlətin ləğvinə bərabərdir.”
İnkasso ilə bağlı məlum olan gün Mzia Amaqlobeliyə prosessual razılaşma təklif olunub
Borca dair tələbin ictimaiyyətə məlum olduğu gün, 21 iyulda Mzia Amaqlobeliyə təqsirini etiraf etməklə bağlı razılaşma təklif edilib.
Onun işi hazırda Batumi Şəhər Məhkəməsində yekun mərhələdədir. 1 avqust tarixində müdafiə tərəfi son sözlə çıxış edəcək və bundan sonra hakim Nino Saxelaşvili hökmü elan edəcək. Amaqlobeliyə qarşı irəli sürülən ittihamlar 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
İş üzrə prokuror Tornike Goqeşvili bildirib: “Əgər onlar razıdırsa, biz də [etiraf razılaşmasını] nəzərdən keçirməyə hazırıq.” Onun sözlərinə görə, Mzianın sillə vurduğu polis rəisi İrakli Dqebuadze bu işdə zərərçəkən kimi tanınır və o da belə razılaşmaya qarşı deyil.
Lakin vəkil Maya Mtsariaşvili dinləmədən sonra bildirib ki, Mzia özünü təqsirli hesab etmir və etiraf razılaşmasına getməyə hazır deyil:
“Prokurorun etiraf razılaşması təklifi hökumətin mövqeyini əks etdirir: guya Mzia Dövlət Departamentinin tapşırığı ilə hücum edib, kimlərsə ona göstəriş verib və s.
Prokurorluq cəzanın yüngülləşdirilməsini təklif edir, əgər Mzia etmədiyi bütün ittihamları qəbul etsə: polisə təhqir, polisə müqavimət, polisə hücum.
Biz bu çağırışları ilk gündən eşidirik: “Tövbə et, günahını etiraf et.“ Bu, sadəcə qanunun adı ilə edilən zorakılıqdır. Ona deyirlər: “Bizdə belə məhkəmədir, heç bir şansın yoxdur. Azadlığa çıxmaq istəyirsənsə, etmədiyin şeyi etiraf etməlisən,” – deyə Maya Mtsariaşvili bildirib.
“Batumelebi”yə dəstək kampaniyası
21 iyulda, borcun dərhal ödənilməsi tələbi ictimailəşən gün bir çox media nümayəndəsi Batumelebi-yə dəstək kampaniyasına başladı. Birgə bəyanatda deyilir ki, nəşrin redaktoru Eter Turadze bu kampaniyaya qarşı olsa da, həmkarları iki müstəqil nəşri xilas etmək üçün bu addımı zəruri hesab edirlər.
Formula telekanalına verdiyi müsahibədə Eter Turadze bildirib ki, ölkədə 50-dən çox siyasi məhbusun və minlərlə cərimələnmiş şəxsin olduğu şəraitdə Batumelebi-yə dəstək üçün ianə toplamağa qarşıdır.
“Bilirəm ki, həmkarlarımızın açdığı hesablara xeyli vəsait köçürülüb. Bir tərəfdən bu məni çox narahat edir. Amma digər tərəfdən, insanlar Batumelebi-yə dəstək olmaq üçün bir-iki lari belə göndərirlərsə, bu məni sevindirir,” – deyə Eter Turadze bildirib.
22 iyulda günorta Batumelebi bəyan edib ki, oxucuların və həmkarlarının dəstəyi ilə əsas borc: 47 min lari (təxminən 17 min dollar) ödənilib.
Onlar bəyanatlarında oxuculara təşəkkür edib və bir daha vurğulayıblar ki, bu vəziyyətdə hökumətin istifadə etdiyi bütün vasitələr Mzia Amaqlobeliyə və onun yaratdığı müstəqil medialara qarşı yönəlib.
22 iyul axşamı, geniş ictimai rezonans fonunda vergi xidməti rəsmi bəyanat yayıb.
Bəyanatda deyilir ki, əgər vergi sazişi bağlanarsa, Batumelebi-nin hesablarından həbsin götürülməsinə və borcun uyğun qrafik üzrə ödənilməsinə hazırdırlar. Halbuki əvvəllər bu cür razılaşmaya razılıq verməmişdilər.
Gürcüstanda və dünyada baş verənlərə reaksiyalar
Amnesty International beynəlxalq insan haqları təşkilatı inkasso qərarını Batumelebi-yə təzyiq kimi qiymətləndirib.
“Müstəqil Gürcüstan nəşri Batumelebi-nin hesabları jurnalist Mzia Amaqlobeliyə qarşı polisin mümkün zorakılığını işıqlandırdıqdan sonra dondurulub. O, qanunsuz şəkildə saxlanılıb və ədalətsiz məhkəməni gözləyir. Amnesty polis zorakılığına dair bütün iddiaların araşdırılmasına çağırır,” – deyə təşkilatın bəyanatında bildirilir.
22 iyulda dərc olunan bəyanatda ABŞ-ın Helsinki Komissiyası bildirib: “Gürcü Arzusu” hökuməti korrupsiyanı və xalqına qarşı törədilən cinayətləri gizlətmək üçün azad mətbuatı susdurmağa çalışır. Onlar yanvardan bəri siyasi motivli ittihamlarla həbsdə olan jurnalist Mzia Amaqlobelini susdurmaq istəyirlər.”
Batumelebi-yə dəstək kampaniyası davam edir. Təşkilatçılar bildirirlər ki, hal-hazırda nəşrin yalnız faiz (126 min lari) və cərimə (109 min lari) borcu qalıb.
İanələr aşağıdakı hesablar vasitəsilə qəbul olunur:
#GE93TB0850845062122335 — Zviad Koridze (TBC)
#GE11BG0000000122153100 — Gela Mtivlişvili (Bank of Georgia)
Batumelebi və Netgazeti-yə başqa kanallar vasitəsilə də dəstək göstərmək olar. Məsələn, GoFundMe platformasında media dəstəyi üçün xeyli müddətdir ki, kampaniya davam edir.
Gürcü mediasının hesablarına həbs