Gürcüstanda müxalifətçi Gela Xasaya həbs olunub. Bu iş barədə nə məlumdur?
Gürcüstanda müxalifətçi həbs olunub
Gürcüstanda daha bir müxalifətçi, “Girçi – Daha çox azadlıq” (“Dəyişikliklər Koalisiyası”) siyasi partiyasının üzvü Gela Xasaya həbs olunub. Ona qarşı qrup halında törədilmiş qəsdən yüngül bədən xəsarəti yetirmə cinayət ittihamı irəli sürülüb. Aktivist təqsirli bilindiyi halda onu dörd ildən altı ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Oktyabrın 1-i axşamı Tbilisi Şəhər Məhkəməsinin hakimi Nana Şamatava Gela Xasaya barəsində həbs qətimkan tədbiri seçib.
Bu qərardan sonra məhkəmənin həyətində iğtişaşlar yaşanıb. Məhkəmə mühafizə xidməti Gela Xasayanın iclasda iştirak edən dostlarını zorla binadan çıxarıb. Onlar fiziki zorakılığa məruz qalıb, bir neçə nəfər xəsarət alıb. Jurnalistlər də zorla binadan çıxarılıblar.
Gela Xasaya Abxaziyanın Qali şəhərindəndir. O, 2017-ci ildən Tbilisidə yaşayır.
Xasaya uzun müddətdir hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir, çünki o, müxalifət partiyasının üzvü və etiraz aksiyalarının fəal iştirakçısıdır. Aksiyalar zamanı dəfələrlə polis tərəfindən hücuma məruz qalıb, həmçinin inzibati maddə ilə də həbs edilib.
Aktivistə qarşı irəli sürülən cinayət hadisəsi sentyabrın 1-də baş verib, lakin onu demək olar ki, bir ay sonra, sentyabrın 29-da həbs ediblər. Saxlanılan şəxs və onun vəkili iddia edir ki, iş tamamilə saxtalaşdırılıb və məqsəd aktivistin 4 oktyabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlanan etiraz aksiyalarında iştirakına mane olmaqdır.
Gela Xasayanın həbsi
Gela Xasaya sentyabrın 29-da gecə saatlarında həbs olunub. Onun dostları və partiya yoldaşları bu barədə təsadüfən xəbər tutublar.
“Mitinqdən birlikdə evə qayıdırdıq və ondan xahiş etdim ki, evə çatanda mənə yazsın. Bizim qrupda belə bir qayda var: aramızda ən son şəxs evə dönmədən heç kim yatmır. Bir müddət keçdi, o isə zəng etmədi. Nəsə qaydasında olmadığını hiss edib, özüm zəng etməyə başladım. Zəng gedirdi, amma o, cavab vermirdi.
Bir müddət sonra telefonu tamamilə sönmüşdü. Onda tam əmin oldum ki, Gela polisin əlindədir. Sonradan mənə müstəntiq zəng etdi və Gelanın həbs olunduğunu dedi”, – deyə Gela Xasayanın dostu və “Girçi – Daha çox azadlıq” partiyasının PR nümayəndəsi Ana Kuraşvili sosial şəbəkədə yazıb.
Həmin gecə Gela Xasayanın dostları günlərini təcridxanada keçirərək, onu hansı səbəbdən həbs etdiklərini öyrənməyə çalışıblar.
Səhər saatlarında Daxili İşlər Nazirliyi Xasayanın və daha bir nəfərin saxlanılması ilə bağlı məlumat yayıb. Onlar qrup halında cinayət törətməkdə ittiham olunublar. Açıqlamada bildirilir ki, guya sentyabrın 1-də Tbilisinin Kraliça Tamara prospekti yaxınlığında onlar bir qadına təcavüz edərək hadisə yerindən qaçıblar. Zərərçəkən qadına tibbi yardım göstərilib.
Gela Xasayaya qarşı iş ilkin olaraq “Qəsdən yüngül bədən xəsarəti yetirmə” maddəsi (Gürcüstan CM-in 120-ci maddəsi) üzrə açılıb. Bu cinayət üç ildən beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Oktyabrın 1-də prokurorluq aktivistə daha ağır ittiham irəli sürüb. Qurumun açıqlamasında bildirilir ki, Gela Xasaya qrup halında qəsdən yüngül bədən xəsarəti yetirməkdə (CM-in 118-ci maddəsinin 2-ci hissəsi) təqsirləndirilir. Bu cinayətə görə dörd ildən altı ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Məhkəmədə Gela Xasaya öz həbs prosesini belə təsvir edib:
“Mitinqdən çıxıb evə gedirdim, amma küçəmə dönən kimi məni təxminən on nəfər mühasirəyə aldı. Onlar əllərimdən yapışıb mobil telefonumu almağa çalışdılar. Mən şəxsi məlumatlarımın onlarda olmasını istəmədim və telefonu kilidləməyə nail oldum. Sonra məni maşına mindirdilər.”
Xasayanın sözlərinə görə, onlar özlərini təqdim etməyiblər, amma onu saxlayanlardan biri mitinqlərdə tez-tez gördüyü polis əməkdaşı olub: “O, bütün yolu boyu mənə təkrar-təkrar deyirdi: “Mən bilirəm sən nə etmisən və sənə söz vermişdim ki, səni həbs edəcəyəm.”
Axtarış
Gela Xasayanın sözlərinə görə, həbs olunduqdan sonra onu Aqmaşenebeli prospektində yerləşən polis bölməsinə aparıblar:
“Məni iki dəfə axtardılar. Axtarış dedikdə, məni tamamilə soyundurublar. Birinci dəfə olanda düşündüm ki, hər şey bitdi, amma 20 dəqiqə sonra məni yenidən çılpaq şəkildə soyundurdular.”
O bildirib ki, polis əməkdaşları tez-tez siyasi məhbus jurnalist Mziya Amaqlobelini və aktivist Saba Sxvitaridzeni yada salıblar.
Vəkil Omar Purçeladzenin sözlərinə görə, Gela Xasayanın soyundurulmasında 30 polis əməkdaşı iştirak edib. Onlar həm də ona təhqirlər və hədələr səsləndiriblər.
“Orada baş verənləri mən ən nifrət etdiyim siyasi rəqibimə belə arzulamazdım. Bu, xəstə bir davranış idi”, – deyə saxlanılan şəxs vəkilinə danışıb.
Aktivisti niyə həbs etdilər?
Gela Xasaya həbs olunduqdan dərhal sonra vəkil Omar Purçeladze bildirib ki, sentyabrın 1-də DİN-in göstərdiyi ərazidə həqiqətən insident baş verib. Lakin Xasaya bu insidentin sadəcə şahidi olub, iştirakçısı olmayıb.
“Nanuki Fondu”nun qurucusu və aktivist Nanuka Jorjoliani Gela Xasaya həbs olunduqdan sonra baş verən hadisələrin öz versiyasını sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə, sentyabrın 1-də Xasaya evinə gedərkən üç tanımadığı şəxslə qarşılaşıb. Onlar özlərini onun tərəfdarı kimi təqdim ediblər. Qısa söhbətdən sonra həmin şəxslər Geladan onlara pivə almasını xahiş ediblər.
“Gela onlara pivə aldı. Bundan sonra üç nəfər bir-biri ilə dalaşmağa başladı. Gela müdaxilə etmədi. Onlar bir-birinə hücum etməyə başladıqdan sonra Gela sakit şəkildə ərazini tərk etdi”, – Jorjoliani yazır.
Sentyabrın 30-da, aktivistin həbsindən sonrakı səhər Daxili İşlər Nazirliyi InterpressNews agentliyinə açıqlama verərək bildirib ki, həmin gecə Gela Xasayanı müşayiət edən şəxslər zərərçəkmiş qadının insident zamanı onun tərəfindən döyüldüyünü təsdiqləyiblər. Agentliyin məlumatına görə, Xasaya qadına qarşı seksual xarakterli zorakılıq etməyə cəhd göstərib və ona qarşı aqressiya tətbiq edib.
Məhkəmədə qətimkan tədbiri seçilərkən prokuror ittihamı elan edib. İttihama əsasən, Xasaya və daha bir nəfər – Vasil Kerdikoşvili zərərçəkmiş qadına təcavüz ediblər, onu ayaqlarından vurublar və biləyini sındırıblar.
Müdafiə nə deyir?
Gela Xasayanın vəkili Omar Purçeladzenin sözlərinə görə, Xasaya qrup şəklində cinayətdə ittiham olunduğu ikinci saxlanılan şəxsi tanımır. Onun adını və soyadını Xasaya yalnız iş materiallarından öyrənib.
Vəkilin izahına görə, işdə heç bir obyektiv sübut yoxdur: nə videoçəkilişlər, nə şahid ifadələri. Sadəcə “zərərçəkmişlərin” ifadələri təqdim olunub:
“Bizim qısa müddət ərzində iş materiallarını tam öyrənmək imkanımız olmadı. Lakin sübutların siyahısı ilə tanış olduqda gördük ki, bu mərhələdə işdə obyektiv sübutlar: müşahidə kameralarının yazıları və ya digər bu cür məlumat daşıyan sənədlər yoxdur. İşdə yalnız həmin şəxslərin [zərərçəkmişlərin] ifadələri mövcuddur.”
Müdafiə tərəfinin sözlərinə görə, Gela Xasayaya qarşı ittihamlar əvvəldən axıra qədər siyasi xarakter daşıyır. Vəkil əlavə edib ki, aktivist özü də bu işi məhz belə qiymətləndirir.
“Gelaya artıq uzun müddətdir ki, onun ictimai, vətəndaş və siyasi fəaliyyətinə görə həbs hədələri edilir. Hətta həbsindən sonra da ona ‘verdiyimiz sözü tutduq’ deyərək bildirdilər ki, məhz buna görə cinayət işi üzrə həbsdə saxlanılır”, – deyə vəkil bildirib.
Gela Xasaya haqqında nə məlumdur?

“Mən yaxşıyam. Əgər məqsəd qorxutmaqdırsa, onda yeganə qorxduğum şey vətənimi itirməkdir”, — həbsdən dərhal sonra istintaq təcridxanasından Gela Xasaya yazıb.
Gela Xasaya Abxaziyadandır, Qalidə doğulub və orada boya-başa çatıb. Məktəbi bitirdikdən sonra o, Suxumi Universitetində təhsilini davam etdirib. 2017-ci ildə Qalini və ailəsini tərk etməyə məcbur olub.
Sürgün edilməzdən əvvəl o, Suxumidəki viran evin divarına “Səni burada yenidən görəcəyəm” yazısını qoyub.

Aktivistin ailə üzvləri: valideynləri və qardaşı hələ də Qalidə yaşayır, baxmayaraq ki, onlar işğal olunmuş regionu bir neçə ildən bir tərk edə bilirlər.
Gela Xasayanın dostu Şuşana Matsaberidze Batumelebi-yə bildirib ki, Gela ailəsindən və doğma şəhərindən uzaqda olsa da, artıq bir neçə aydır Tbilisidə prorusiya rejiminə qarşı mübarizə aparır.
“Gela Suxumi Universitetində oxuduğu dövrdə çox fəal idi və hər yerdə ucadan deyirdi: ‘Abxaziya Gürcüstandır’. O, bələdçi işləyirdi və Abxaziyaya gələn turistlərə Rusiya işğalı barədə danışırdı. Abxaziyanın Gürcüstanın tərkib hissəsi olduğunu və Rusiya tərəfindən işğal edildiyini deyirdi. O, həmişə həqiqəti söyləyirdi və buna görə də-fakto hökumət onun təqibinə başladı. Ona qarşı dövlətə xəyanət ittihamı ilə iş açıldı və o, evini tərk etməyə məcbur oldu”, – deyə Şuşana danışır.
Gela Xasaya müxalif “Dəyişikliklər Koalisiyası”nın üzvüdür. Bu koalisiyanın bütün liderləri artıq həbsdədir: Elene Xoştaria, Zurab caparidze, Nika Qvaramia və Nika Melia. Onların hamısına əsassız ittihamlar irəli sürülüb.
Üç müxalifətçi Saakaşvilinin hökumətinin fəaliyyətini araşdıran “Gürcü Arzusu” parlament komissiyasına gəlmədiklərinə görə həbs cəzasına məhkum olunub. Elene Xoştaria isə Tbilisinin hazırkı meri Kaxa Kaladzenin seçkiqabağı plakatı üzərinə “rus” və “Rus Arzusu” sözlərini yazdığına görə həbs olunub.
Koalisiyanın digər üzvü Saba Sxvitaridze Avropa yönümlü mitinqlər zamanı həbs edilib. Məhkəmə onu CM-in 120-ci maddəsinin 1-ci hissəsi (qəsdən yüngül bədən xəsarəti yetirmə) üzrə təqsirli bilib və iki il azadlıqdan məhrum etmə cəzası verib.
Tbilisi Şəhər Məhkəməsi Gela Xasaya ilə bağlı işi noyabrın sonunda araşdırmağa başlayacaq.
Gürcüstanda müxalifətçi həbs olunub