Martın 26-da səhərin erkən saatlarında Gürcüstanın qərbində Çiaturi dağ-mədən kombinatının Şukruti mədənində çökmə baş verib. Qəza nəticəsində 45 yaşlı qazmaçı Zaza Abramişvili həlak olub. Onun meyiti xilasedicilər tərəfindən 6 saatlıq çalışmadan sonra dağıntıların altından çıxarılıb.
Şukruti mədənində işləyən “Georgian Manganese” şirkəti bəyanat yayaraq bildirib ki, bədbəxt hadisə sübh tezdən baş verib. İlkin məlumata görə, mədənin yuxarı hissəsinin bir qismi uçub və mədənçilərdən bir nəfər mədənin qapalı hissəsində qalıb. Xilasetmə işləri sona çatandan sonra şirkət daha təfərrüatlı informasiya yayacağını qeyd edib.
Metallurqların, kimyaçıların və mədənçilərin həmkarlar ittifaqının məlumatına görə, faciənin baş verdiyi sahə qəzalı olub, amma bununla belə rəhbərlik işçiləri orada çalışmağa məcbur edib. Onlar hesab edirlər ki, bədbəxt hadisənin baş verdiyi yerin niyə pis möhkəmləndirildiyi və briqadanın niyə açıq dağ kütləsi altında çalışdığı aydınlaşdırılmalıdır.
Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin istehsalatda təhlükəsizlik normalarının polzulması nəticəsində meydana gələn bədbəxt hadisələri nəzərdə tutan 240-cı maddəsilə cinayət işi açıb.
Əmək təhlükəsizliyi normalarının pozulması nəticəsində son beş il müddətində Gürcüstanda 270 nəfər həlak olub, 1000 nəfərdən çox adam isə xəsarət alıb. Uzun illərdir ki, müxtəlif təşkilatlar və hərəkatlar əmək təhlükəsizliyi normalarının sərtləşdirilməsini tələb edir. Bağlanmış Assosiativ Sazişə əsasən Gürcüstanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərdən biri əmək müfəttişliyinin yaradılmasıdır.
Hakimiyyət Əmək Məcəlləsinə dəyişikliklər etməyə ehtiyac olduğunu inkar etmir, amma müxtəlif səbəblərdən məsələnin həlli uzanır.