Gürcüstanda "keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin administrasiyası" ləğv edilib
Gürcüstanda Cənubi Osetiya ləğv edilib
“Gürcü Arzusu”nun parlamenti dekabrın 17-də keçirilən üçüncü, yekun iclasında “keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin administrasiyası”nın ləğv edilməsi və aşağıdakı iki qanunun qüvvədən düşmüş hesab olunması barədə qərarı təsdiqləyib:
- “Keçmiş Cənubi Osetiya Muxtar Vilayətində münaqişənin sülh yolu ilə həlli üçün müvafiq şəraitin yaradılması haqqında”
- “Gürcüstan ərazisində keçmiş Cənubi Osetiya muxtar dairəsində baş vermiş münaqişə nəticəsində zərər çəkmiş şəxslərə əmlakın restitusiyası və kompensasiya verilməsi haqqında”.
Qərar 83 səs ilə yekdilliklə qəbul edilib və 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək.
Artıq ləğv edilmiş bu administrasiyanın əməkdaşları işdən azad olunacaq və onlara üç aylıq vəzifə maaşı həcmində kompensasiya ödəniləcək.
2007-ci il mayın 8-də o zamankı prezident Mixail Saakaşvili keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin ərazisində müvəqqəti inzibati-ərazi vahidinin yaradılması barədə fərman imzalamışdı. Bu vahid sovet dövründə Gürcüstanın tərkibində mövcud olub.
Həmin inzibati-ərazi vahidi o vaxtdan bu günədək fəaliyyət göstərib. Onun fəaliyyəti Gürcüstanın dövlət büdcəsi hesabına maliyyələşdirilir, hazırda quruma Tamaz Bestaev rəhbərlik edir.
- Saakaşvili Zelenskidən onu mülki hərbi əsirlər siyahısına daxil etməyi xahiş edib
- Gürcüstandakı zavodun sahiblərini və Rusiya Hərbi Kəşfiyyat İdarəsinin rəis müavininin oğlunu nə birləşdirir?
- Gürcüstan, Aİ və 50 ölkə Rusiyanın NATO hava məkanını pozmasını qınadı
“Bu, tarixi qərardır. Biz 2005–2008-ci illərdə və sonrakı dövrdə “Milli Hərəkat” rejiminin (Cənubi Osetiya məsələsi ətrafında) yaratdığı xəyanətkar epopeyaya son qoya bilərik”, – deyə hakim “Gürcü Arzusu” partiyasının üzvü, qəbul edilən qanunvericilik paketinin məruzəçisi Tornike Çeişvili bildirib.
O qeyd edib ki, Mixail Saakaşvilinin prezident olduğu, hakim partiyanın isə hazırda müxalifətdə olan “Milli Hərəkat” olduğu dövrdə əvvəlki hakimiyyətlər “antidövlət siyasəti aparıblar”.
“Bu inzibati-ərazi vahidini (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin administrasiyasını) yaratmaqla onlar 1920-ci illərdə Gürcüstanda bolşeviklərin etdiklərini davam etdirdilər.
Biz 1990-cı ildə Gürcüstan Respublikasının Ali Soveti və onun rəhbəri Zviad Qamsaxurdiya tərəfindən qəbul edilmiş, muxtar regionun tamamilə ləğv edildiyi hüquqi status-kvoya qayıtmalıyıq”, – deyə Tornike Çeişvili vurğulayıb.
“Gürcü Arzusu” parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, bu administrasiya Konstitusiyanın pozulması ilə yaradılıb və tərkibində eyni dərəcədə konstitusiyaya zidd alternativ hökumət yer alıb.
“2006-cı ilin noyabrında Tsxinvali regionunda “Milli Hərəkat” hökuməti tərəfindən təşkil olunmuş qeyri-konstitusion seçkilər keçirilib. Sözdə Cənubi Osetiya prezidenti elan edilib və sözdə “Cənubi Osetiyanın alternativ hökuməti” formalaşdırılıb.
Həmin addımla o dövrün hakimiyyəti separatçı prosesləri dolayı yolla legitimləşdirdi ki, bu da Gürcüstanın dövlət maraqlarına qarşı açıq və ciddi xəyanət idi.
Bu qərarla 1990-cı ildə ləğv edilmiş sovet muxtar vilayətinin inzibati sərhədləri süni şəkildə bərpa olundu. Sonradan bu, 2008-ci ildə Rusiyanın hərbi təcavüzünə və Gürcüstanın tarixi regionu olan Samaçablonun işğalına gətirib çıxaran amillərdən birinə çevrildi.
Gürcüstan illər boyu separatçı regionların tanınmaması siyasətinin möhkəmləndirilməsi üzərində çalışıb. “Milli Hərəkat” rejimi tərəfindən “Cənubi Osetiya” termininin hətta dolayı yolla işlədilməsi belə Konstitusiyanın pozulması və milli maraqlara xəyanət idi. Gürcüstanın hüquqi və siyasi məkanında “Cənubi Osetiya” anlayışı mövcud deyil”, – deyə Papuaşvili vurğulayıb.
Gürcüstanda Cənubi Osetiya ləğv edilib