Hakim Tamar Mçedlişvili Avropayönlü etirazlar zamanı narkotik vasitələrin saxlanması ittihamı ilə saxlanılan jurnalist Nika Katsianı təqsirsiz hesab edib və onu məhkəmə zalından azad edib.
Hakimin qərarına əsasən, xüsusilə böyük miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması maddəsi üzrə ittiham əsassız sayılıb, Katsia isə tam bəraət alıb.
Nika Katsia 2024-cü il dekabrın 8-də həbs edilib. Vəkilinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalisti evinin yaxınlığında gözləyib, daha sonra küçədə onun üzərində axtarış aparıblar. Müdafiə tərəfi həbsi siyasi motivli sayır və ittihamların sübutsuz olduğunu bildirir.
Prokurorluq ilkin olaraq təkrar cinayət törətmə, qaçma və ya sübutların məhv edilməsi riskinə istinad edərək həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırıb.
Müdafiə tərəfi qətimkan tədbiri kimi girov tətbiq olunmasını istəyib, lakin hakim ilkin dinləmələr başlayana qədər Katsiyanın iki ay müddətinə həbsdə saxlanılmasına qərar verib.
Bu, son vaxtlarda artıq üçüncü haldır ki, məhkəmə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan aktivistə bəraət verir. Daha əvvəl hakim Romeo Tkeşelaşvili Giorgi Axobadzeyə bəraət verib, hakim Tamar Tkeşelaşvili isə Tedo Abramovu məhkəmə zalından azad edib.
Bütün siyasi məhbuslar bəraət almır. 3 sentyabrda hakim Nino Qalustaşvili ictimai asayişi pozan qrup hərəkətlərinin təşkili maddəsi ilə etirazların 11 iştirakçısını iki il müddətinə azadlıqdan məhrum edib.
Həmin gün hakim Cvebe Naçkebia Avropayönlü etirazlar zamanı saxlanılan Saba Sxvitaridzeni iki il müddətinə azadlıqdan məhrum edib. Sxvitaridze Tbilisi polisi Baş İstintaq İdarəsinin rəisi Mirian Kavtaradzenin sağlamlığına qəsdən yüngül xəsarət yetirməkdə ittiham olunur.