Virus İtaliyaya beş günlük səfərdən sonra vətənə qayıdan Gürcüstan vətəndaşı gənc qadında aşkarlanıb. O, Kutaisi aeroportuna enib. Gəldiyi gün 31 yaşlı qadında heç bir xəstəlik əlaməti olmayıb, amma səhəri gün özünü pis hiss eləyib və həkimə müraciət edib.
Pasiyentin vəziyyəti hazırda qənaətbəxşdir. O, Tbilisidə infeksion xəstəxanaya yerləşdirilib. Klinika nümayəndəsinin sözlərinə görə, hazırda qadında yüksək hərarət və ya digər əlamətlər müşahidə olunmur.
Mütəxəssislər indi epidemik tədqiqat aparırlar – yəni Gürcüstana qayıdandan sonra virusa yoluxmuş qadınla təmasda olan insanları axtarırlar
Hazırda Luqar adına laboratoriya daha iki pasiyenti müayinə edir.
“Onlarda da koronavirusun aşkarlana biləcəyi istisna deyil”, – Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
Hazırda Gürcüstanda 87 nəfər karantin altındadır. Onlardan 35 nəfəri uşaq şöbələrindədir.
Mütəxəssislər İtaliyadan qayıdan bütün vətəndaşlara 14 gün müddətində təcrid olunmuş vəziyyətdə qalmağı tövsiyyə edirlər. Əgər kimdəsə bu müddət ərzində əlamətlər – qızdırma, öskürək, təngnəfəslik özünü göstərərsə, mütləq həkimə müraciət etməlidir.
Daha əvvəl Azərbaycan vasitəsilə İrandan qayıdan bir Gürcüstan vətəndaşında virus aşkarlanmışdı.