Gürcüstanda gələcək patriarxın adını açıqlayıblar?
Bütün Gürcüstanın patriarxı Katolikos İkinci İlya bu gün hamı üçün gözlənilməz şəkildə patriarxın naibinin adını açıqlayıb.
Gürcüstanın himayədarı olan Müqəddəs Georgi Günü münasibətilə Kaşuet kilsəsində keçirilən təntənəli ibadət zamanı Katolikos-Patriarx kilsədə bütün toplaşanları salamlayaraq, Senak və Çxorotskuy mitropoliti Şio Mudjirinin patriarx taxt-tacının naibi təyin olunması haqda öz fərmanını oxuyub. İkinci İlyanın sözlərinə görə, fərman bu gün tərtib olunub.
“Nəib” dədikdə nə başa düşülür və mitropolit Şio Mudjiri gələcəkdə Gürcüstanın patriarxı olacaqmı?
Naibin funksiyaları patriarxın vəfatından sonra 40 gün ərzində, Müqəddəs Sinod Gürcü Pravoslav Kilsəsinin (GPK) yeni başçısını təyin edənə qədər onun funksiyalarını yerinə yetirməkdən ibarətdir.
Patriarxın naiblə bağlı qərarı çoxları üçün gözlənilməz oldu, çünki patriarxın onun adını öz vəsiyyətnaməsində elan etmək niyyətində olduğu məlumuydu.
Şio Mudjiri avtomatik olaraq patriarxın varisinə çevrilmir, halbuki İkinci İlyanın məhz onu öz naibi elan etməsi GPK başçısının məhz bu rahibə yaxşı münasibətindən xəbər verir, teoloqlar belə düşünür.
Teoloq Beka Mindaişvili hesab edir ki, patriarxın bu jesti simvolikdir və İkinci İlyanın əslində Şio Mudjirini dəstəklədiyini göstərir.
“Bu, varis deyil. Naib patriarxın vəfatından sonra onun vəzifələrini yerinə yetirəcək və yeni patriarxın seçilməsi üçün Sinod iclasını toplayacaq adamdır. Patriarxın bu, çox simvolik və mühüm qərarı həqiqətən də böyük dəstəyin göstəricisidir. Təbii ki, bu katolikosun açıq şəkildə öz varisini açıqlaması demək deyil, kilsədə belə şeylər olmur, bu, monarxiya deyil, bununla belə bu cür dəstək çox şeydən xəbər verir”, – Mindaişvili “İnterpressnyus” agentliyinə bildirib.
Kanonik hüquq üzrə mütəxəssis Lado Narsiya hesab edir ki, İkinci İlyanın qərarı ondan xəbər verir ki, ona GPK-nin qarşısında duran mürəkkəb məsələlərin həlli üçün fəal tərəfdaş lazımdır.
“Patriarx yaşlıdır, hamımız onun fiziki vəziyyətinin necə pisləşdiyini görürük və öz naibinin adını açıqlaması pozitiv faktdır… naib avtomatik olaraq patriarxın varisi olmayacaq, amma patriarx vurğulayır ki, bu onun üçün, taxt-taca sahib olmaq üçün daha münasib namizəddir”, – Lado Narsiya belə düşünür.
Teologiya mövzusunda işləyən “Tabula” nəşrinin jurnalisti Levan Sutidze deyir ki, “Mudjiri azı taxt-taca namizədlərdən birinə çevrilir, ya da patriarxın bu qərarı ona patriarx taxt-tacına yiyələnməsini təmin edəcək. Fəaliyyətdə olan katolikosun həyatda olarkən hakimiyyəti mitropolit Şioya həvalə etməsini gələcək katolikosla bağlı məsələnin həllində Müqəddəs Sinoda eyham kimi nəzərdən keçirmək olar”.
Şio Mudjiri haqqında nə məlumdur?
Şio Mudjiri Senak və Çxorotskuy, həm də Avstriya və Yeni Zelandiya mitropolitidir. Dünyəvi adı Elizbar Teymurazoviç Mudjiridir, 1 fevral 1969-cu ildə Tbilisidə anadan olub. 5 yanvar 1993-cü ildə ruhaniliyi qəbul edib. 2 avqust 2010-cu ildə mitropolit olub.
İlahiyyatçı təhsilini Şio Mudjiri Rusiyada alıb. Moskva Ruhani Akademiyası və Tixonov İlahiyyat İnstitutunda oxuyub. Teoloqların bir hissəsi hesab edir ki, o, rus kilsəsinə loyaldır, Rusiyanın kilsə dairələri ilə assosiasiya olunur və siyasi baxışları məhz Rusiyaya istiqamətlənib. Əsas arqumentlərdən biri kimi özünün Qərbə qarşı mövqeyi, Rusiya yönlü baxışları və fundamentalist ritorikası ilə məşhur olan biznesmen Levan Vasadze ilə yaxın dostluğu göstərilir.
İnternetdə artıq Şio Mudjirinin ruhani olana qədərki fotosu yayılıb, burada o, uşaqlıq dostları – Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və biznesmen Levan Vasadze ilədir:
• Gürcü apostol avtokefal pravoslav kilsəsinə 1977-ci ildən Katolikos Patriarx İkinci İlya (İlya Şiolaşvili) başçılıq edir, onun etibarlılıq reytinqi Gürcüstanın bütün tanınmış şəxslərinin reytinqindən müqayisə olunmaz dərəcədə böyükdür, o cümlədən az qala iki dəfə prezident və baş nazirin reytinqlərini üstələyir. Gürcüstanda kilsənin xüsusi populyarlığı məhz İkinci İlyanın nüfuzu ilə izah olunur. 85 yaşlı patriarx sağlamlıq durumu səbəbindən nadir hallarda görünür.