Gürcüstanda dördüncü koronavirusa yoluxma halı. Yoluxmuş şəxs İtaliyadan qayıdıb
Paylaşmaq
Paylaşmaq
Gürcüstanda dördüncü koronavirusa yoluxma halı qeydə alınıb. Xəstəliklərə Nəzarət Mərkəzinin sədri Amiran Qamkrelidzenin sözlərinə görə, virusa yoluxan şəxs bazar günü İtaliyadan qayıdan Gürcüstan vətəndaşıdır.
Koronavirusa yeni, dördüncü yoluxma halı dünən axşam Luqar adına laboratoriyada təsdiqlənib.
“Onda əlamətlər olmayıb, amma sonra qısdırması qalxıb və o, özü infeksion xəstəxanaya müraciət edib”, – Qamkrelidze deyib.
Qamkrelidzenin sözlərinə görə, əvvəlki yüngül keçən üç halla müqayisədə yeni, dördüncü yoluxma halı “kliniki olaraq daha ciddidir”. Dünən mütəxəssislər yeni yoluxmanın epidemioloji tarixini öyrənməyə başlayıblar ki, Gürcüstana qayıdandan sonra onun kimlərlə ünsiyyətdə olduğu üzə çıxarılsın.
Mətbuat konfransında Qamkrelidze bildirib ki, yoluxanın təmasda olduğu 20 nəfər üzə çıxarılıb – bunlar əsasən təyyarədə yoluxan şəxsin yaxınlığında olan insanlardır. Gürcüstana qayıdandan sonra bu şəxs özünütəcrid qərarı alıb.
“Qayıdandan dərhal sonra o, evdə təcrid olunmuş vəziyyətdə qalıb. Biz ona belə şüurlu davranış üçün təşəkkür edirik”, – Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini Paata İmnadze deyib.
Gürcüstanda ilk koronavirusa yoluxma halı fevralın 26-da qeydə alınıb. Daha sonra əlavə iki yoluxma halı da təsdiqlənib. Pasiyentlərin üçü də səfər zamanı yoluxub – ikisi İrandan, biri isə İtaliyadan qayıdıb.
Pasiyentlərin üçünün də vəziyyəti qənaətbəxşdir. Bununla belə, onlar virus daşıyıcısı olaraq qalırlar – onlardan ikisi dünən yenidən Luqar laboratoriyasında yoxlamadan keçirilib, onların analizləri indiyə qədər virusa pozitivdir. Martın 5-i 11:00-a olan məlumata görə, Gürcüstan ərazisində 162 nəfər karantin altında saxlanılır; 31 nəfər xəstəxanalarda müalicə alır; 300 nəfərə yaxın insan özünütəcrid rejimindədir.