Gürcüstanda dini hisslərin təhqir olunması həbslə cəzalandırıla bilər
Gürcüstan Parlamenti dindarların dini hisslərinin təhqir olunmasına görə cəza nəzərdə tutan qanun layihəsini nəzərdən keçirəcək. Təklifə əsasən, Gürcüstanın Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir. Qanun layihəsində cəza qismində cərimə və ya azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Qanun layihəsinin təşəbbüskarı mühafizəkar baxışları və Qərb əleyhinə çıxışları ilə məşhur olan “Vətənpərvərlər Alyansı” partiyasının deputatı Emzar Kvitsianidir. Kvitsiani hesab edir ki, Gürcüstanda pravoslavlığa birbaşa hücum həyata keçirilir, buna görə də qanunu sərtləşdirməklə dini müdafiə etmək lazımdır.
Bu gün sənəd din xadimlərinin iştirakı ilə İnsan Haqlarının Müdafiəsi Komitəsində müzakirə olunub. Komitə sədri Sofiya Kiladze bildirib ki, onun sənədlə bağlı müəyyən sualları var, amma ümumilikdə layihəni qənaətbəxş hesab edir.
Sofiya Kiladze bəyan edib ki, “son zamanlar pravoslav dəyərlərin lüzumsuz şəklə salınmasına görə həddən artıq qəzəblidir”, buna görə də “müxtəlif insan qruplarının qarşılıqlı təhqirinin qarşısını almaq üçün hər hansı formada nizamlama vacibdir”.
“Pravoslav inanclı biri kimi məni son dövrdə pravoslav dəyərlərinin lüzumsuz şəklə salınması hallarının çoxalması qəzəbləndirir. Bu, bir çox insanların qəzəbinə səbəb olur, mən də onların qəzəbini paylaşıram… Eyni zamanda biz uzun əsrlər boyu ölkəmizin tolerantlıq, hörmət və sevgi ifadəsinin nümunəsi olduğu ilə qürur duyuruq… Ölkə tarixində çox sayda bu cür nümunə tapmaq mümkündür… Söhbət dindən getdiyi zaman qarşılıqlı təhqirlər yolverilməzdir. Mən qanun layihəsinin ideyasını dəstəkləyirəm, qanun vasitəsilə hər hansı formada nizamlama həyata keçirilməlidir”, – parlamentin insan haqlarının müdafiəsi komitəsinin sədri deyib.
Qanun layihəsinə əsasən, dini müqəddəslərin, dini təşkilatların, din xadimlərinin, dindarların dini hisslərini təhqir etmək məqsədilə edilmiş çıxışlar, materialların dərci, ictimai şəkildə mövqe ifadə etmək cərimə və ya bir ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bundan başqa, dini binaların, müqəddəs ocaqların təhqir eilməsinə görə də cərimə və ya iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Gürcüstan Parlamenti artıq dindarların hisslərinin təhqir olunması ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi məsələsini müzakirə edib. Bu cür təşəbbüslə ali qanunverici orqana 2013-cü ildə Daxili İşlər Nazirliyi, 2016-cı ildə isə hakim “Gürcü arzusu” partiyasının nümayəndəsi Soso Caçvliani müraciət edib. (Bu hallarda qanun layihələri hazırkından fərqli olaraq, sadəcə inzibati cəza nəzərdə tuturdu).
Hər iki halda qeyri-hökumət təşkilatları və ombudsmen təşəbbüsə qarşı çıxıb. Onlar hesab edirlər ki, bu cür nizamlama azad ifadə haqqına, ədalətli dövlət prinsiplərinə ziddir və demokratik inkişafa təhlükə yaradır.
• Son zamanlar radikal qruplar, patriarxlıq və parlament çoxluğunun üzvləri “Rustavi-2” telekanalının siyasi tok-şou aparıcısı Giorgi Qabuniyanı dindarların dini hisslərini təhqir etməkdə ittiham ediblər. İsa Məsih haqda zarafat ona qarşı hücumlara səbəb olub.
• Belə bir qanun 2013-cü ildə Rusiyada qəbul edilib.