İnsanın itkin düşməsi barədə məlumat 112 fövqəladə xidmətinə bazar günü, yanvarın 5-də daxil olub. Xilasedicilər onu bütün gün ərzində axtarıblar və nəşini böyük qar kütləsi altında tapıblar.
İlkin məlumata görə, rusiyalı turist hərəkət üçün qadağan edilmiş zonada olub. DİN ehtiyatsızlıqdan ölümün yetirilməsi maddəsi üzrə araşdırmalara başlayıb.
Bu, son günlər ərzində Qudauridə ikinci turist ölümü hadisəsidir.
Dekabrın 31-də Qudauridə qar uçqunu altında qalaraq finlandiyalı turist həlak olmuşdu. “Mtavari arxi” telekanalının məlumatına görə, finlandiyalı cütlük Yeni ili qarşılamaq üçün Gürcüstana gəlib. Uçqun baş verən zaman onlar Qudauridəki Deda Ena yaylasında olublar. Yerli sakinlər turistləri qarın altından çıxarıblar, lakin kişinin həyatını xilas etmək mümkün olmayıb.
Qudauri – Rusiya sərhədinə yaxın ərazidə, Hərbi-Gürcüstan yolunun üzərində, Kazbeq rayonunun ərazisində yerləşən gürcü dağ xizəkçiliyi kurortudur. Hər il Qudaurini minlərlə turist ziyarət edir. Son illərdə bu istiqamət rusiyalı və ukraynalı turistlər arasında xüsusilə populyardır.
Dağ relyefi üzündən burada tez-tez qar uçqunları və bunların nəticəsində bədbəxt hadisələr baş verir. Xəbərdarlıqlara baxmayaraq, əksər hallarda turistlər uçqun təhlükəsi olan yerlərdə hərəkət edirlər ki, bu da bədbəxt hadisələrin baş verməsinə səbəb olur.