Bu il də gürcüstanlı abituriyentlərin vahid dövlət imtahanı verəcəkləri mərkəzlərdə kondisionerlər quraşdırılmayacaq.
“Kondisioner sistemləri böyük maliyyə xərcləri tələb edir”, – İmtahan və Qiymətləndirmə üzrə Dövlət Mərkəzinin direktoru Maya Miminoşvili təhsil nazirinin qərarını “Interpressnews” agentliyi ilə söhbətində belə izah edib.
Miminoşvilinin sözlərinə görə, yalnız Rustavidəki imtahan mərkəzində kondisioner işləyəcək. Miminoşvili Rustavidəki kondisioneri “pilot kondisioner” adlandırıb.
“Rustavi İmtahan Mərkəsində şərait çox mürəkkəbdir – orada istidir və binanın özü də daima günəş altındadır, buna görə də burada belə pilot layihə həyata keçirmək qərarı alınıb”, – o deyir.
Kondisioner haqda söhbət zamanı Miminoşvili vurğulayıb ki, o özü imtahanların normal şəraitdə keçirilməli olduğu fikrindədir, bununla belə, kondisionerlərin istismarı ilə bağlı problemləri də “xatırlayır”:
“Çoxları kondisionerlərin havasını götürmür. Üstəlik onlar səs-küy yaradırlar. Hamıya yaxşı şərait yaratmaq və bütün insanların istəklərini təmin etmək çətindir. Hazırkı mərhələdə Rustavi İmtahan Mərkəzinin kondisionerlə təmin edilməsi haqda qərar qəbul edilib”, – Miminoşvili bildirib.
Gürcüstanda kondisioner problemi hər imtahan dövründə yaranır. Son illərdə həm abituriyentlər, həm də onlar üçün nigaran olan valideynləri hava çatışmazlığından və dözülməz istidən şikayətlənirlər və kondisionerlərə ehtiyac olduğunu bildirirlər. Və bu əsassız deyil – isti üzündən bir neçə abituriyentin imtahan zamanı halı pisləşib.
Gürcüstanda vahid dövlət imtahanları iyulun 2-də başlayıb iyulun 26-da sona çatacaq. İyul adətən ölkədə ən isti keçən aydır. Builki iyul isə sinoptiklərin proqnozlarına əsasən, ən günəşli olmalıdır. Bu gün, iyunun sonunda temperatur şkalası müsbət 40-41 dərəcəni göstərir.
Maya Miminoşvilinin kondisionerlər haqda söylədikləri Facebook-un Gürcüstan seqmentində lağlağı və istehzaya səbəb olub.