Gürcüstan vətəndaşlarının altı faizi Aİ-də vizasız qalma qaydalarını pozub
Aİ ilə vizasız rejim qaydalarını Gürcüstan vətəndaşlarının ümumilikdə 6 faizi pozub. Bu haqda məlumatı Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfər imkanlarının sadələşdirildiyi yeddi ayın nəticələrini tədqiq edən SIDA qeyri-hökumət təşkilatı yayıb.
SIDA-nın icraçı direktoru Zviad Devdarianinin sözlərinə görə, “əldə olunmuş göstəricilər vəziyyət haqda düşünməyə vadar edir, baxmayaraq ki, durumun dəhşətli olduğuna şahidlik etmir”.
Aparılan tədqiqat zamanı təşkilat əməkdaşları fikir veriblər ki, vizasız rejimi pozanların çoxu, yəni Aİ-ə səfər edib zamanında geri qayıtmayanlar əsasən Tbilisi və Gürcüstanın qərb regionu olan İmereti sakinləridir.
Devdarianinin sözlərin görə, ciddi informasiya kampaniyası keçirmək və hər bir ölkə sakininə çatdırmaq lazımdır ki, Aİ vizasız rejim qaydalarını pozanlar yalnız özlərinə deyil, bütün Gürcüstana problem yaradırlar.
“Aylıq analiz aparılmır, amma məsələn, Moldovada “geri qayıtmayanlar” 16 faiz təşkil edib, biz də isə 6 faizdir. Bu göstəricilərin müqayisəsi belə deməyə əsas verir ki, Gürcüstanda vəziyyət o qədər də dəhşətli deyil, hərçənd digər tərəfdən pozucuların ehtimal olunan sayı ölkənin müvafiq qurumlarını müəyyən addımlar atmağa vadar edir”, – Devdariani hesab edir.
Son 7 ay ərzində Aİ ilə vizasız rejimdən 161885 nəfər Gürcüstan vətəndaşı yararlanıb, onlardan 9875 nəfəri Aİ-də 90 günlük vizasız qalma qaydasını pozub. Bu məlumatı Avropa və Avro-atlantika strukturlarına inteqrasiya üzrə dövlət naziri aparatı açıqlayıb.
- Gürcüstan vətəndaşları üçün vizasız rejim Aİ tərəfindən 2017-ci il martın 28-dən tətbiq olunub. Bu minvalla Gürcüstan vətəndaşları Avropa İttifaqının 22 ölkəsinə, Aİ üzvü olmayan 4 ölkəyə, o cümlədən də Aİ-ə daxil olmağa namizəd olan ölkələrə vizasız səfər imkanı əldə ediblər. Vizasız rejimdən yararlanan ilk sərnişinlər Tbilisi beynəlxalq hava limanından Varşavaya martın 28-də yerli vaxtla saat 4.55-də yola düşüblər.
- Vizasız rejim qaydalarına əsasən, Gürcüstan vətəndaşları Şengen zonası ölkələrində yarım ili təşkil edən 180 gün içində 90 gün ərzində vizasız qala bilərlər. Bu müddət ərzində onlar bir ölkədən digərinə heç bir maneəsiz keçib gedə bilər.