Gürcüstan və Avropa İttifaqı ölkələri arasında vizasız rejimlə bağlı razılaşma martın 1-də Brüsseldə imzalanacaq
Gürcüstan və Avropa İttifaqı ölkələri arasında vizasız rejimlə bağlı razılaşmanın imzalanması mərasimi 2017-ci il martın 1-də Brüsseldə baş tutacaq. Bu haqda Azadlıq Radiosunun Brüssel müxbiri Rikard Yozvyak Twitter səhifəsində yazıb.
Onun verdiyi xəbərə görə, Gürcüstan üçün vizasız rejimlə bağlı razılaşmanın imzalanması mərasimi vizasız rejimin müvəqqəti dayandırılması mexanizmi haqda sənədin imzalanması ilə eyni zamanda baş tutacaq (bu sənədin qəbul edilməsi Gürcüstan üçün vizasız rejimin tətbiq edilməsi üçün ilkin şərt idi).
Fevralın 22-də Gürcüstanla vizasız rejimin tətbiq edilməsi Avropa İttifaqının daimi üzv ölkələri Komitəsi (COREPER) tərəfindən təsdiqlənib.
Azadlıq Radiosu müxbirinin məlumatına görə, bazar ertəsi, fevralın 27-də nizamlamanı Aİ Xarici İşlər nazirləri Şurası təsdiqləməli, daha sonra Avropa Parlamentinin prezidenti və Aİ Şurasının sədri imzalamalıdır. Bundan sonra sənəd nəşr olunmalıdır, daha sonra isə 20 gün müddətində qüvvəyə minməlidir.
Rejimdən kim və necə istifadə edə biləcək?
. Gürcüstan vətəndaşları Şenqen zonası ölkələrində ( həmçinin, Şengen zonasına daxil olmağa hazırlaşan – Rumıniya, Bolqarıstan, Kipr və Xorvatiya kimi ölkələrdə) 90-180 gün ərazində vizasız qala və bir ölkədən digərinə səyahət edə bilər.
. 90 gündən daha çox qaldığı təqdirdə Gürcüstan vətəndaşı Şengen zonası ölkələrindən çıxarılacaq və Gürcüstana deportasiya ediləcək. Bu təqdirdə həmin vətəndaş 5 il müddətində vizasız gediş-gəliş imtiyazından məhrum olacaq.
. Vizasız səyahət etmək üçün Gürcüstan vətəndaşından pasport, gediş –dönüş bileti, öz maliyyə vəziyyətini təsdiq edən sənəd və rezerv edilmiş otellə bağlı məlumatlar tələb olunur. Gürcüstan vətəndaşı sözügedən sənədləri konsulluqda deyil, sərhəddə təqdim edir.
. Viza sadələşdirilməsinin iş və təhsillə bağlı uzun və qısa müddətli vizalara aidiyyatı yoxdur. Bu tip vizanın əldə edilməsi üçün konsulluğa müraciət etməlidirlər.
Hansı halda vizasız rejim dayandırıla bilər?
. Əgər Gürcüstan readmisiya məsələsində əməkdaşlıq etməzsə (Aİ-ə Gürcüstandan gəlmiş və deportasiya edilmiş öz və xarici vətəndaşların qəbulu).
. Əgər sığınacaq axtaranların sayı hiss olunacaq qədər artarsa
. Aİ sərhədini qeyri-leqal keçənlərin sayı kəskin artarsa.