Koronavirusun yayılmasına görə Gürcüstanın mehmanxanalarında bronların 90 faizi ləğv edilib. Bu göstəricilər Gürcüstanın turizm sahəsinin nümayəndələrinin koronavirus səbəbindən yaranmış vəziyyətə həsr edilmiş fövqəladə görüşündə səsləndirilib.
Mehmanxanalar və restoranlar federasiyasının sədri Şalva Alaverdaşvili bildirib ki, ilk zərbə məhz Gürcüstanın turizm sənayesinə dəyib.
«Son 5-6 gün ərzində mart-aprel ayları üçün mehmanxana otaqlarının bronlarının 80-90 faizi ləğv edilib. Bu o deməkdir ki, sənaye müflisləşmə həddindədir. Səbəb isə yalnız koronavirusdur, başqa heç nə. Günahkar yoxdur. Biz fikirləşməliyik ki, bu vəziyyətdən necə çıxaq, nə edək ki, işçiləri saxlaya bilək», — Alaverdaşvili deyib.
Onun fikrincə, maksimal zərbə Tbilisiyə dəyib, regionların əksəriyyətində turizm mövsümü ya başa çatıb, ya da hələ başlamayıb.
«Tbilisidə isə mövsüm martda başlayır. Bu ay müsəlman ölkələrindən xüsusilə çoxlu turist gəlir – onlarda Novruz bayramıdır, dincəlməyə gəlirlər. Əgər vəziyyət dəyişməsə, ilk növbədə mehmanxanalarda ştatların kütləvi ixtisarını gözləməyə dəyər. Qeyd etmək lazımdır ki, turizm sektorunda təxminən 100 min nəfər çalışır», — Alaverdaşvili bildirib.
Daha bir problem, onun sözlərinə əsasən, yeni mövsüm üçün turizm sahəsinin təmsilçilərinin kredit götürdükləri banklardır: turistlər yoxdur, müvafiq olaraq, daxilolmalar da yoxdur, kredit borclarını isə ödəmək lazımdır. Ola bilsin ki, turizm sahəsi kömək istəyəcək və anlayış göstərilməsini xahiş edəcək.
2019-cu ildə Gürcüstanşn turizm sahəsi təxminən 3,5 milyard dollar qazanıb. Bununla birlikdə, Gürcüstanın bütün iqtisadiyyatı hardasa 18 milyard dollar həcmində dəyərləndirilir.