Gürcüstan Strasburq məhkəməsində Rusiyaya qarşı iki iddia qaldırıb
Strasburq İnsan Haqları Məhkəməsinə Gürcüstanın iki iddiası daxil olub. Hər iki iddia Rusiyaya qarşıdır.
Birinci iddia dövlətlərarasıdır – Gürcüstan Rusiyaya qarşı çıxış edir. İkinci iddia fərdidir – Arçil Tatunaşvilinin valideynləri Giorgi və Rusudan Tatunaşvili Rusiya dövlətinə qarşı iddia qaldırıb
_______________________
Ədliyyə Nazirliyinin iddiası – “Gürcüstan Rusiyaya qarşı”
Ədliyyə Nazirliyinin hazırladığı “Gürcüstan Rusiyaya qarşı” adlanan iddia “Rusiyanın işğal etdiyi ərazilərdə və işğal xətti boyunca Gürcüstan vətəndaşlarının hüquqlarının kütləvi şəkildə pozulması, saxlanılması, hücuma məruz qalması və qətlə yetirilməsi, bu kimi halların xüsusən 2008-ci ildən möhkəmlənməsi və bu ilin fevralında Arçil Tatunaşvilinin işgəncələrə məruz qalaraq öldürülməsindən sonra böhran həddinə çatması ilə bağlı inzibati təcrübə” ilə əlaqədardır.
Gürcüstanın tələbi Avropa Məhkəməsinin Rusiya tərəfindən bir neçə Avropa konvensiyasını pozması ilə bağlı məsuliyyətini təyin etməsindən ibarətdir. Məsələn:
Rusiya işğalla, tikanlı məftil çəkməklə və Gürcüstan vətəndaşlarına qarşı məqsədyönlü kampaniya aparmaqla Avropa konvensiyasının bu maddələrini pozur: yaşamaq hüququ, işgəncə qadağası, azadlıq və təhlükəsizlik hüququ, şəxsi və ailə həyatının toxunulmazlığı hüququ, həmçinin əmlak hüququ, təhsil almaq və azad hərəkət etmək hüququ.
Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, bu pozuntular diskriminasiya motivi daşıması və “onların Abxaziya və Sxinvali regionunun etnik gürcü sakinlərinin hüquqlarının pozulması və qorxudulması məqsədi güdməsi” ilə daha da ağırlaşır.
Ədliyyə Nazirliyindən bildirirlər ki, Strasburq məhkəməsinə iddia ilə birlikdə sübutlar da göndərilib.
Arçil Tatunaşvili, Qiqi Otxozoria və David Başarulinin işləri iddianın mərkəzində yer alıb. İddiada vurğulanır ki, bu işlərdə məsuliyyət daşıyan insanların bir hissəsi artıq müəyyən edilib, amma Gürcüstanın günahkarları məsuliyyətə cəlb etmək imkanı yoxdur.
• Arçil Tatunaşvili Sxinvalidə naməlum şəraitdə həlak olan Gürcüstan vətəndaşıdır.
• Qiqi Otxozoriya Gürcüstanla Abxaziya arasında inzibatı sərhəddə abxaz sərhədçilər tərəfindən öldürülən Gürcüstan vətəndaşıdır. Qiqi Otxozoriyanınn ailəsinin Rusiyaya qarşı iddiası artıq Strasburq Məhkəməsində icraata alınıb
• David Başaruli – 2014-cü ilin iyununda Cənubi Osetiyanın de-fakto hakimiyyəti tərəfindən nəzarət edilən Axalqori milisi 19 yaşlı David Başarulini bölmə binasına aparıb. Bundan sonra ailəsi və yaxınları gənci çarəsizcə axtarmağa başlayıb. Yanvarın 5-də onun meyitini meşədə tapıblar.
• Martda Gürcüstan Parlamenti “Maqnitski siyahısına” bənzər “Otxozoria-Tatunaşvili siyahısı” qəbul edib. Bu təşəbbüsün əsas məqsədi işğal olunmuş ərazilərdə Gürcüstan vətəndaşlarını qorumaq idi. Gürcüstan hakimiyyətinin işğal olunmuş ərazilərdə öz vətəndaşlarını qorumaq üçün rıçaqları olmadığına görə, ideya müəllifləri hesab ediblər ki, Otxozoria-Tatunaşvili “qara siyahısı” bir növ bu vəziyyətdən çıxış yolu olacaq.
İddiada bildirilir ki, Gürcüstana Arçil Tatunaşvilinin işini araşdırmaq imkanı təqdim olunmayıb. “İndiyə qədər hadisə yerinə baxış keçirilməyib; işğalçı rejimin nümayəndələri faktiki olaraq Arçil Tatunaşvilinin daxili orqanlarını, mobil telefonunu, işgəncə və qətl zamanı əynində olan paltarlarını təhvil verməkdən imtina ediblər; işğal olunmuş Sxinvali regionunun ərazisində yaşayan və iş üçün əhəmiyyətli informasiyaya sahib olan şahidləri dindirə bilməyib. Üstəlik işğal olunmuş ərazilərdə olduqları üçün günahkarları indiyə qədər saxlamaq mümkün olmayıb”.
Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, tam araşdırmanın aparılmasına həm Rusiya Federasiyası, həm də onun nəzarətdə saxladığı de-fakto orqanlar mane olur.
• Bu, Strasburq Məhkəməsində Gürcüstan və Rusiya arasındakı üçüncü dövlətlərarası iddiadır. İlk iş Gürcüstan vətəndaşlarının Rusiyadan deportasiyası ilə bağlı idi. Bu işlə əlaqədar qərar artıq bəllidir və həmin iş Gürcüstanın qələbəsi ilə başa çatıb.
• İkinci iş, 2008-ci il müharibəsi ilə bağlıdır və qərarın elan olunması gözlənilir.
Arçil Tatunaşvilinin valideynlərinin iddiası
Strasburq məhkəməsinin qəbul etdiyi Rusiyaya qarşı ikinci iddia fərdidir, onu Giorgi və Rusudan Tatunaşvililər – Sxinvalidə şübhəli şəraitdə həlak olan Arçil Tatunaşvilinin valideynləri imzalayıb.
Gürcüstan vətəndaşı Arçıl Tatunaşvilini Cənubi Osetiyanın de-fakto hakimiyyət nümayəndələri 2018-ci il fevralın 22-də saxlayıblar. Tatunaşvili ikinci gün Sxinvalidə naməlum şəraitdə həyatını itirib. Osetiya tərəfi 35 yaşlı Arçil Tatunaşvilinin “fevralın 23-də təcridxananın pilləkanından yıxıldığı və Sxinvali xəstəxanasında ürək çatışmazlığından öldüyü” haqda məlumat yayıb.
Bu versiyaya nə rəsmi Tbilisi, nə də Arçil Tatunaşvilinin ailəsi inanır. Bu şübhələri konkret məsələlər təsdiqləyir: Sxinvali bir aya yaxın Tatunaşvilinin meyitini gürcü tərəfinə təhvil verməkdən yayınıb. Meyit təhvil veriləndən sonra Gürcüstanda aparılan ekspertiza müəyyən edib ki, onun daxili orqanları çıxarılıb. Ekspertiza həmçinin meyit üzərində işgəncə izləri də müəyyən edib.
Strasburq Məhkəməsinə Arçil Tatunaşvilinin valideynləri adından göndərilən şikayəti “Empatiya” mərkəzi hazırlayıb. “Azadlıq Radiosuna” müsahibəsində mərkəz nümayəndələri bildiriblər ki, beynəlxalq standartlara əsasən, işgəncə nəticəsində həlak olan şəxsin valideynləri mərhumun yalnız hüquqi nümayəndələri kimi yox, həm də özləri də işgəncədən zərər çəkən şəxslər kimi nəzərdən keçirilir. İddiaya əsasən, kompensasiya qismində 300 min avro tələb olunub, amma ailə üçün bunun heç bir əhəmiyyəti yoxdur.
“Empatiya” mərkəzinin hazırladığı iddiada Rusiya Avropa konvensiyasının beş maddəsini pozmaqda ittiham olunur: yaşamaq hüququ, işgəncə qadağası, azadlıq və toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının təhlükəsizliyi hüququ və effektiv hüquqi müdafiə hüququ.
İş üzrə əsas dəlil “Empatiya” mərkəzinin ekspertlər qrupunun hazırladığı məhkəmə komissiyası ekspertizasının rəyidir.
Rəy beynəlxalq standartlara, o cümlədən də “İstanbul protokolu” və “Minnesot protokoluna” əsasən hazırlanıb. Sənədin hazırlanmasına iki beynəlxalq səviyyəli ekspert cəlb olunub.
“Empatiya”nın rəyi bilavasitə Arçil Tatunaşvilinin Sxinvalidə işgəncəyə məruz qaldığını və məhz bu üzdən həlak olduğunu tərdiqləyib. Müvafiq olaraq, mərkəz nümayəndələri Strasburqa göndərilən iddianın uğurla nəticələnəcəyinə şübhə etmir.
Strasburq Məhkəməsinə nə qədər vaxt lazım olacaq?
Bu işə baxışı başlatmaq üçün Strasburq Məhkəməsi əvvəlcə Gürcüstandan daxil olan iddiaları icraata qəbul etməlidir. Bu, qısa müddətdə baş tutsa da, heç kim dəqiq deyə bilməz ki, işin tam baxılması üçün nə qədər zamaan lazım ola bilər.
Amma bu cür iddiaların baxılması təcrübəsinə əsaslanaraq, demək olar ki, proses illərlə davam edəcək. Məsələn, avqust müharibəsi ilə bağlı dövlətlərarası iddianı Gürcüstan Strasburq Məhkəməsinə 2008-ci il avqustun 11-də yönləndirib və yalnız 10 ildən sonra 2018-ci il mayın 23-də Böyük palata qərar qəbuluna çıxıb. Qərar isə hələ də məlum deyil
Avqust müharibəsi ilə əlaqədar çoxsaylı fərdi iddiaların, o cümlədən də Gürcüstanın Milli Qəhrəmanı Giorgi Aniuxelidzenin uşaqları adından hazırlanan iddiaya baxılmasını da 8-9 ildir ki, gözləyirlər.
“Empatiya” mərkəzində əmindilər ki, Tatunaşvilinin işi üzrə fərdi iddianın uğuru üçün Ədliyyə Nazirliyinin Strasburqa göndərdiyi dövlətlərarası iddia çox vacibdir.