Gürcüstan: Siyasi partiya kilsə təsis edib, çağırışçıları keşiş rütbəsinə keçirir
Paylaşmaq
Paylaşmaq
“Xristian yevangelist protestant kilsəsi – Bibliya azadlığı”, – “Qirçi” siyasi hərəkatının 2017-ci ilin martında qeydiyyatdan keçirdiyi dini təşkilat belə adlanır.
Hərəkat nümayəndələri bildirir ki, bu dini təşkilatın əsas məqsədi məcburi hərbi xidmətə çağırılmalı olan gənclərə kömək etməkdir.
Gürcüstan qanunvericiliyinə görə, ruhani və ya dini seminariya tələbələri olan gənclər hərbi xidmətdən möhlət hüququna sahibdirlər.
Gürcüstanda çağırışçıların tez-tez bu təcrübəyə əl atdığı haqda JAMnews daha əvvəl də yazmışdı.
“Qirçi” müxalif siyasi partiyası ümumi hərbi mükəlləfiyyətliyin ləğv olunası tərəfdarıdır və bu yöndə fəal təşviqat aparır.
Amma bu məqsədə nail olana qədər “Qirçi” alternativ dini təşkilat yaratmaq qərarına gəlib. Yeni dini təşkilatın nizamnaməsində deyilir ki, keşiş rütbəsi vermək və dini mərasimlər keçirmək hüququna malikdir.
Kilsə gənclərə keşiş rütbəsinə yüksəldikləri haqda hərbi komissarlığa təqdim edə biləcəkləri arayış verir.
Arayışı “Qirçi” partiyasının üzvü, baş din xadimi Nika Oboladze və iki yepiskop – həmçinin “Qirçi” üzvləri – Arçil Xaçidze və Levan Ceqerenaya imzalayırlarş
Arayış çağırışçıya hərbi xidmətdən möhlət istəmək haqqı verir. Səfərbərlik və Çağırışın Koordinasiyası Departamenti bəyan edir ki, artıq bir neçə çağırışçı “Qirçi”nin verdiyi arayışlardan yararlanıb.
“Bu təşkilat tərəfindən verilən arayışa əsasən çağırışçılara həqiqətən möhlət verilib”, – departamentdən Gürcüstanın on.ge xəbər portalına bildirilib.
“Qirçi”nin yaratdığı dini təşkilatın kömək etdiyi çağırışçıların dəqiq sayı hələlik məlum deyil.
“Qirçi” partiyasında bildirirlər ki, bu ideya bir neçə ay ərzində partiyaya çox sayda gəncin müraciət edərək, hərbi xidmətdən möhlət almaq üçün kömək istədikdən sonra yaranıb.
“Bu, yüz faiz leqal yoldur və əgər dövlət onları yenə də bir il müddətində qul etmək istəyəcəksə onların hər birini məhkəmədə müdafiə edəcəyik”, – yeni kilsənin baş din xadimi Nika Oboladze deyir.
Liberal yönlü “Qirçi” partiyası başqa epataj kampaniyaları ilə də fərqlənməyi bacarıb. Məsələn, ötən il dekabrın 31-də partiyanın ofisində onlarla fəal nümayişkaranə şəkildə marixuana əkib. Bununla da “Qirçi” Gürcüstanda narkotiklə bağlı sərt siyasətə etiraz edib.