Gürcüstan-Rusiya: aviadaşıyıcıların müharibəsi
Gürcüstanın milli aviadaşıyıcısı “Gürcüstan Hava Yolları” bəyanat yayıb. Bəyanatda deyilir ki, Rusiyanın aviasiya hakimiyyəti Tbilisi-Moskva-Tbilisi marşrutu ilə hərəkət edən aviareyslərin sayını həftədə 4 dəfəyə qədər azaldıb. Bundan üç ay əvvəl “Gürcüstan Hava Yollarına” Kazana uçmaq qadağan edilib.
Şirkət Gürcüstanın İqtisadiyyat və Sabit İnkişaf Nazirliyinə müraciət edərək Gürcüstan şirkətinə və atıq bu reyslərə bilet almış sərnişinlərə problem yaradan bu vəziyyətə müdaxilə etməsini istəyib.
Rusiya Nəqliyyat Nazirliyi öz növbəsində Gürcüstan aviaşirkəti üçün Tbilisidən Moskvaya uçuşların məhdudlaşdırılması ilə bağlı məlumatı təsdiq edib. “Bu məhdudlaşdırma güzgü effektli cavab tədbiridir”, – qurum nümayəndəsi bildirib. Nəqliyyat Nazirliyindən aydınlıq gətiriblər ki, may ayından etibarən Gürcüstanın aviasiya hakimiyyəti Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinə Tbilisi aeroportundan yay qrafiki üzrə dörd reys həyata keçitməyə icazə vermir.
İndi rusiyalı sərnişinləri Tbilisiyə çatdırmaq hüququ Rusiyanın üç şirkətinə aiddir – “Aeroflot”, “Ural Hava Yolları” və S7, onlar mövsümdən asılı olaraq həftədə onlarla reys həyata keçirirlər. Gürcüstan tərəfinin aviadaşıyıcısı – “Gürcüstan Hava Yolları”dır. Məhz bu şirkət ötən ay öz qiymət siyasəti və xidmət keyfiyyətinə görə rusiyalı turistlər arasında ən populyar olub.
JAMnews-un sorğu etdiyi ekspertlər ehtimal ediblər ki, qarşılıqlı uçuş qadağaları sürətlə böyüyən bazar uğrunda mübarizə ilə bağlıdır. Moskva və Peterburq kimi milyonluq Rusiya şəhərlərində Gürcüstanın turistik məkan kimi populyarlığı getdikcə artır, Yekaterinburqda isə əminliklə birinci yeri tutur.