Gürcüstan Qış Olimpiya Oyunlarını keçirməyə namizəddir
Gürcüstan Qış Olimpiya Oyunlarını keçirməklə bağlı arzusunu ifadə edib. Baş nazir Giorgi Kvirikaşvili bu iddialı planların mövcudluğunu təsdiqləyib və hökumətin bugünkü iclasında nazirləri “bu məsələyə mümkün qədər realistcə yanaşmağa” çağırıb.
“Bizim konkret iddialı planımız var, bu planın reallaşdırılması ölkənin qısa müddətdə sürətli inkişafına şərait yaradacaq… Gürcüstnda Olimpiada keçirilməsinin mümkünlüyünün sadəcə elan olunması özü-özlüyündə vacibdir, üstəlik bu, həm də realdır”, – baş nazir bildirib.
Kvirikaşvilinin sözlərinə görə, Qış Olimpiya Oyunlarının keçirilməsinə haqq qazanmaq strateji məsələ olmalıdır:
“Planın həyata keçirilməsi çox sayda iş yerlərinin açılmasına, turist axınının artmasına, bu isə gürcü ailələrinin əlavə gəlir əldə etməsinə gətirib çıxaracaq; bu, nəqliyyat, kənd təsərrüfatı, kommunikasiya və sair kimi turizmlə bağlı sahələrin inkişafına səbəb olacaq. Biz bütün dövlət miqyasında möhtəşəm effekt verə biləcək məsələnin həllinə qalxırıq”, – Kvirikaşvili bəyan edib.
Gürcüstanın istəyi haqda BOK artıq məlumatlıdır. Yanvarın sonunda Cenevrədə Giorgi Kvirikaşvili BOK-un qərargahında təşkilatın prezidenti Tomas Baxla görüşüb və dəstək istəyib. BOK prezidenti Tbilisiyə ekspert və müşavirlərdən ibarət xüsusi qrup ezam etməyə hazır olduğunu bildirib. Bu qrup Qış Olimpiya Oyunlarını qəbul etmək planında Gürcüstanın imkanlarını yerindəcə dəyərləndirəcək.
Baş nazir hökumətin iclasında vurğulayıb ki, martda artıq BOK-un nümayəndə heyəti ölkənin dağ kurortlarının potensialı ilə tanış olmaq üçün Gürcüstana gələcək.
• Gürcüstan hökuməti həmçinin 2023-cü ildə fristayl üzrə Dünya Çempionatı — FIS Freestyle World Ski Championships keçirməyə də ümidlidir. 2017-ci il mayın 1-də Gürcüstanın Xizək İdmanı Federasiyası Bakurianini turnirin keçirilməsi üçün mümkün yer kimi təqdim edib. Bakurianinin əsas rəqibi Finlandiyanın bu səviyyədə yarışmaların keçirilməsi təcrübəsinə sahib Ruka Kuusamo kurortudur.
• Gürcüstan əvvəl də Qış Olimpiya Oyunlarını keçirmək üçün müaciət edib – 2014-cü ildə turnir Borjomidə baş tuta bilərdi. Amma bu təklif BOK–da yetəri qədər dəstək görmədi və Borjomi ilk mərhələdəcə rəqabət mübarizəsindən kənarda qaldı.
• Bu gün Gürcüstanda altı qış kurortu var: Kazbeqi rayonunda dəniz səviyyəsindən 2196 metr hündürlükdə yerləşən Qudauri, Bakuriani (Borjomi dərəsi, dəniz səviyyəsindən 1708 metr hündürlükdə), Qoderdzi (Xulo, dəniz səviyyəsindən 2000 metr hündürlükdə), Xatsvali (Mestia, dəniz səviyyəsindən 2500 metr hündürlükdə) və Baxmaro (Çoxatauri, dəniz səviyyəsindən 2050 metr hündürlükdə).