Gürcüstan Qərbdən üz döndərir və Rusiyayönümlü olur? Amerika senatorlarının ABŞ Dövlət katibinə məktubu
Senatorlar Ted Kruz, Con Korin və konqresmenlər Codi Arinqton və Markveyn Melin ABŞ-ın Dövlət katibi Maykl Pompeo və ABŞ Xəzinədarlığının katibi Stiven Mnuçinə Gürcüstanla bağlı məktubla müraciət ediblər.
Senatorlar Gürcüstanda dövlət idarəçiliyinin üslubunun pisləşməsindən narahatdırlar. Ələlxüsus, onlar Qərb biznesinin sıxışdırılmasından, Gürcüstanda sanksiyalardan yan keçməklə İran biznesinin fəallaşmasından, həmçinin Gürcüstanın qeuri-formal hökmranının – hakim “Gürcü arzusu”nun liderinin Rusiya hökuməti ilə mümkün əlaqələrindən danışırlar.
Məktubda o da deyilir ki, son il ərzində Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar az qala iki dəfə azalıb. Bununla birlikdə, Qərb biznesi üçün vergilər və bürokratik əngəllər əhəmiyyətli dərəcədə artıb.
Müraciətdə Amerikanın Frontera Resources neft və qaz kəşfiyyatı şirkətinin başına gələnlərə xüsusi diqqət yetirilir. Belə ki, gürcü tərəfi Arbitraj məhkəməsinə müraciət edərək, bu şirkətlər müqaviləyə xitam verib. Öz növbəsində, məhkəmə Amerika şirkətinin fəaliyyətində pozuntular aşkarlayıb və Gürcüstan hökumətinin müqaviləyə xitam verməklə bağlı hərəkətlərini qanunauyğun hesab edib. Məktubda həmçinin Anakliyada dərinsulu limanın tikintisi mövzusuna toxunulub. Bu layihədə Amerikanın Conti Group şirkəti iştirak etməli idi, lakin layihəyə yenidən baxılması və onun faktiki olaraq Gürcüstan hökuməti tərəfindən dayandırılması üzündən şirkət bu layihədən çıxıb.
Məktubda deyilir ki, hər şeyin əsasında geosiyasi maraqlar durur: Frontera Resources-in məqsədi Gürcüstanı energetic müstəqillik və ümumi sabitliklə təmin etmək idi, Anakliyada limanın tikintisi layihəsinin məqsədi isə Gürcüstanın Rusiya limanları infrastrukturundan asılılığını azaltmaq idi.
Müraciətin müəllifləri vurğulayırlar ki, uzun illər boyunca gürcü biznesi və Gürcüstanın maliyyə sistemi Amerikanın rəsmi şəxsləri üçün kifayət qədər şəffaf və aydın olub, lakin indi leqal biznesin yerini qanunsuz ticarət tutmağa başlayır. Onların fikrincə, vəziyyət 2013-cü ili xatırladır – o vaxt ABŞ hakimiyyəti qəflətən öyrənmişdi ki, sanksiyalardan yan keçərək, üç iranlı iş adamı Tbilisidə mikrokreditləşdirmə banklarına nəzarəti ələ keçiriblər. İndi isə Tehranın qeyri-qanuni fəallığı Batumi limanında neft sahəsində aşkar edilib.
Senatorların müraciətində o da bildirilir ki, hakim “Gürcü arzusu”nun sədri Bidzina İvanişvili Rusiya hökuməti ilə əlaqələrini qoruyub saxlayır və bunun sənədli sübutları mövcuddur.
Senatorlar və konqresmenlər aşağıdakı məsələlər üzrə brifinqin keçirilməsini zəruri hesab edirlər:
● Gürcüstan hökuməti və hakim “Gürcü arzusu” partiyası Gürcüstan iqtisadiyyatına və onun gələcəyinə əhəmiyyətli investisiyalar yatırmış leqal Amerika biznesinin sıxışdırılması prosesinə cəlb olunub.
● İstənilən bu kimi hərəkətlər geosiyasi baxışlarla, o cümlədən “Gürcü arzusu”nun lideri Bidzina İvanişvilinin Rusiya hökuməti ilə əlaqələri ilə motivasiya olunur.
● Gürcüstannın Qara dənizdəki limanları ilə əlaqədar fəaliyyət ABŞ-ın milli maraqlarına təhlükə törədir, həmçinin:
Gürcüstanın Rusiyadan asılılığına son qoya biləcək limanların tikintisi layihələrindən Amerika şirkətlərinin sıxışdırılıb çıxarılması;
ABŞ tərəfindən İrana qarşı tətbiq olunmuş sanksiyaların faktiki yumşaldılması, xüsusilə Gürcüstanın sözügedən limanlarının fəaliyyəti kontekstində.
“ABŞ və Gürcüstanın tərəfdaşlığı regionda Amerika maraqlarının gerçəkləşdirilməsi üçün zəruridir, bu isə öz növbəsində Gürcüstanın normal dövlət idarəçiliyinə qayıtmasını tələb edir. Geostrateji və biznes maraqları ABŞ-ın federal hökumətindən cavab tələb edir və biz ABŞ-ın illi maraqlarının müdafiəsi və möhkəmlənməsi üçün zəruri olan ehtiyatları təqdim edə bilərik”, – senatorların və konqresmenlərin məktubunda deyilir.