Gürcüstan Prokurorluğu “yüksək çinli din xadiminə” qarşı sui-qəsdi araşdırır
“Yüksək çinli din xadiminə” qarşı sui-qəsd ittihamı ilə Patriarxlığın əmlakın idarə olunması xidmətinin rəhbəri protoierey Georgi Mamaladze saxlanılıb. Bu haqda Gürcüstanın baş prokuroru İrakli Şotatdze fevralın 13-də xüsusi mətbuat konfransında məlumat verib.
O bildirib ki, Georgi Mamaladze ata fevralın 10-da Berlinə yola düşərkən Tbilisi aeroportunda saxlanılıb. Axtarış zamanı onun üzərindən zəhərli maddı – sianid tapılıb. Bundan başqa onun evində odlu silah və 6 patron aşkarlanıb.
Prokurorluğun bildirdiyinə görə, protoireyin ondan pul müqabilində sianid tapmağını istədiyini bildirən şəxs Mamaladzeni yaxalamağa kömək edib.
Mamaladzeyə qarşı adam öldürməyə cəhd maddəsilə cinayət işi qaldırılıb ki, buna görə də 7 ildən 15 ilə qədər cəza nəzərdə tutulub.
Prokurorluqdan bilidirilib ki, hazırda protoirey günahini inkar edir.
Fevralın 12-də axşam “Rustavi-2” telekanalının yaydığı xəbərdə bildirilir ki, Georgi Mamaladzenin saxlanılması Gürcüstan Pravoslav Kilsəsinin rəhbəri – Gürcüstanın Katolikos patriarxı İkinci İlyayanı zəhərləmək cəhdi ilə bağlıdır.
Gürcüstan kilsəsinin rəhbəri fevralın 2-dən Berlinin “Helios Berlin bux” klinikasındadır, bu gün orda onun öd kisəsini əməliyyat ediblər. Gürcüstan mediasına müsahibə zamanı həkimlər bildiriblər ki, əməliyyat uğurlu keçib və 84 yaşlı patriarx özünü qanaətbəxş hiss edir.