Gürcüstan prokurorluğu terrorizmdə ittiham olunan adamın adını gizli saxlayır
Tbilisi şəhər məhkəməsi prokurorluğun mövqeyini dəstəkləyib, noyabrın 22-də keçirilmiş antiterror əməliyyatı zamanı saxlanılan əcnəbi vətəndaşı istintaq dövründə həbsə göndərib.
Amma saxlanılanın adı və vətəndaşlığı hələ də gizli saxlanılır.
Prokuror Nana Xunçua jurnalistlərə bildirib ki, müttəhimin adını və vətəndaşlığını, həm də işin digər detallarını istintaqın maraqlarından çıxış edərək açıqlamır.
“Biz onun adını açıqlaya bilmərik, çünki onun bu məsələylə bağlı mövqeyini bilirik. Bundan başqa, istintaqın maraqlarından çıxış edərək, bu mərhələdə onun şəxsiyyətini açıqlamağı məqsədəuyğun saymırıq”, – deyə o “Novosti-Qruziya”ya bildirib.
Prokurorluq sadəcə onun inisiallarını göstərir – S.D. və qeyd edir ki, o hələ xüsusi əməliyyat keçiriləndən əvvəl – noyabrın 21-də operativ informasiya əsasında saxlanılıb. Bu zaman onun üzərində qanunsuz əldə edilmiş odlu silah və döyüş patronları aşkar edilib.
Saxlanılanın dövlət vəkili İmeda Karkaşadze bildirir ki, müdafiə etdiyi şəxs susmaq hüququndan istifadə edir və irəli sürülmüş ittihamları qəbul etmir. Vəkil həm də bildirib ki, müttəhim Rusiya vətəndaşıdır.
Prokuror İrakli Marşaniya izah edib ki, “bu işdə əsaslandırılmış ehtimal var ki, müttəhim terror təşkilatına üzv olub, bundan başqa o, terror məqsədilə odlu silah, partlayıcı maddələr və hərbi sursat almaqda və saxlamaqda ittiham olunur”, – Marşaniya deyib.
“İstintaqla müəyyən olunub ki, S.D. üç əlbiri ilə birlikdə keşiş Qabriel Salosi adına küçədə yerləşən mənzillərdən birində məskunlaşıb, terror məqsədilə alınan partlayıcı maddələri, hərbi sursatı və odlu silahı da burada saxlayıblar”, – prokurorluğun məlumatında vurğulanır.
S.D. saxlanıldıqdan sonra hüquq-mühafizə orqanları onun əlbirlərinə təslim olmağı təklif ediblər, amma bu tələbə cavab olaraq onlar əl qumbaralarını partladaraq, polislərə odlu silahdan intensiv atəş açıblar, – prokurorluqda qeyd edilir.
Gürcüstanın xüsusi xidmət orqanlarının noyabrın 22-də Tbilisidə keşiş Qabriel Salosi adına küçədə keçirdikləri və 22 saat sürən xüsusi əməliyyat nəticəsində terrorçuluqla əlaqədə ittiham olunan üç nəfər öldürülüb. Bir nəfər bir gün əvvəl saxlanılıb. Amma onların kim olduğu hələlik açıqlanmır. Təhlükəsizlik Xidmətinin məlumatına görə, qrup üzvləri arasında Gürcüstan vətəndaşları yoxdur. Bu zaman onların hansı ölkə vətəndaşları olduğu və Gürcüstana necə gəldiyi açıqlanmır.
Güc qurumlarının rəhbərliyi şərhlərdə bildirir ki, baş verənlər beynəlxalq terrorizmlə bağlıdır və bu iş üzrə istintaq tək Gürcüstanda deyil, xaricdə də həyata keçirilir.
Bununla belə, bir sıra ekspertlər və türk mətbuatı bildirir ki, Tbilisidə İŞ terror təşkilatının özəklərindən birinin başçısı, 2016-cı ildə İstanbul aeroportunda terror aktının təşkilində ittiham olunan Ahmed Çatayev öldürülüb.
Məhkəmə iclası bağlı qapılar arxasında keçib.
Hakim Roman Xorava təkcə iclası bağlamaq deyil, həm də iclas başlamazdan bir neçə dəqiqə əvvəl onun keçirilməli olduğu zalı dəyişmək qərarını verib. Jurnalistlər hesab edir ki, bu, mətbuatın müttəhimi görə bilməməsi üçün edilib.
Prokuror Marşaniyanın sözlərinə görə, hakim iclası bağlı qapılar arxasında keçirmək qərarını anti-terror əməliyyatında iştirak etmiş hüquq-mühafizə orqanları əməkdaşlarının təhlükəsizliyini qorumaq üçün verib.
Müttəhimə qarşı “xarici terror təşkilatında və ya xarici dövlətin nəzarəti altında olan terror təşkilatında birləşmək və ya ona terror fəaliyyətini həyata keçirməkdə dəstək göstərilməsi” və “odlu silahın, hərbi sursatın, partlayıcı maddələrin və ya partlayıcı qurğuların terror məqsədilə qeyri-qanuni yolla əldə edilməsi, saxlanılması, gəzdirilməsi, hazırlanması, daşınması, göndərilməsi, satılması və ya istifadəsi” maddələri ilə cinayət işi açılıb.
Bu maddələr 10 ildən 17 ilə qədər müddət ərzində azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Məhkəmə öncəsi iclas 18 yanvar 2018-ci il tarixinə təyin edilib.