Gürcüstan prokurorluğu Sxinvali regionunun de-fakto hüquq-mühafizə orqanlarının əməkdaşları David Qurtsiyev və Alik Taboyevə qarşı qiyabi ittiham irəli sürüb. Onlar Gürcüstan vətəndaşları Arçil Tatunaşvili, Levan Kutaşvili və İoseb Pavliaşvilini azadlıqdan məhrum etməkdə və onlara işgəncə verməkdə günahlandırılırlar.
David Qurtsiyev işğal olunmuş Axalqori rayonu prokurorunun köməkçisi, Alik Taboyev isə de-fakto Milli Təhlükəsizlik Komitəsinin şöbə rəisidir. Onlara qarşı Cinayət Məcəlləsinin 143 və 25-1441-ci maddələri ilə cinayət işi qaldırılıb və bu ittihamlara əsasən onları 9 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
İstintaqın gedişatında prokurorluq müəyyən edib ki, Arçil Tatunaşvili vaxtaşırı olaraq işğal olunmuş Axalqori rayonuna gedib-gəlir və xırda bineslə məşğul olurmuş. İşğal olunmuş Sxinvalinin de-fakto hüquq-mühafizə orqanlarına 2018-ci il fevralın 20-də məlum olub ki, Arçil Tatunaşvili 2008-ci il avqustun 8-də Gürcüstan silahlı qüvvələrində xidmət edib və 2018-ci il fevralın 22-də o, Levan Kutaşvili və İoseb Pavliaşvili ilə birlikdə saxlanılıb.
Tatunaşvili əlləri qandallı şəkildə Sxinvaliyə gətirilib və prokurorluq binasında işgəncəələrə məruz qalıb, bunun da nəticəsində onun bədənində 100-dən çox xəsarət izi qalıb. Tatunaşvili səhəri gün naməlum şəraitdə həyatını itirib.
Osetiya tərəfi 35 yaşlı Arçil Tatunaşvilinin “fevralın 23-də gecə Sxinvali təcridxanasında pilləkəndən yıxıldığı və bir qədər sonra yardım göstərilməsi üçün gətirildiyi xəstəxanada ürək çatışmazlığından keçindiyi” haqda məlumat yayıb.
Təqdim olunmuş versiyaya nə rəsmi Tbilisi, nə də Tatunaşvilinin ailəsi inanmır. Tatunaşvilinin zorakılıq nəticəsində öldüyü ilə bağlı şübhələri Osetiya tərəfinin bir aya yaxın müddətdə mərhumun meyidini təhvil vermək istəməməsi də təsdiqləyir.
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır