Gürcüstan pravoslav kilsəsinin Müqəddəs Sinodu Ukrayna kilsəsinin avtokefaliyası məsələsini müzakirə edib
Gürcüstan pravoslav kilsəsinin əsas orqanı – Müqəddəs Sinod iyunun 21-də müxtəlif məsələlərlə yanaşı “Ukraynada kilsənin mürəkkəb durumunu” da gözdən keçirib.
İclasın protokolunda deyilir ki, Gürcüstan patriarxlığına Ukraynadakı vəziyyətlə bağlı üç məktub daxil olub. Birinci Konstantinopol Ümumdünya patriarxından; ikinci Moskva və bütün Rusiya patriarxlığından; üçüncü isə Ukrayna pravoslav kilsəsinin Moskva patriarxlığından.
Bu gün Ukrayna kilsəsi Rusiya kilsəsinin yurisdiksiyasındadır və onun avtokefaliyası, yəni müstəqilliyi heç bir kilsə tərəfindən tanınmayıb.
Ukraynanın milli və dini hakimiyyəti bu yaxınlarda Ukrayna kilsəsinə avtokefaliya verilməsi xahişi ilə Ümumdünya Patriarxlığına müraciət edib. Bu məsələyə artıq Konstantinopol Ümumdünya Patriarxlığında baxılır.
Sinodun iclasının protokolunda deyilir ki, iyunun 21-də daxil olan hər üç məktuba baxılıb, amma bununla belə hansı dəyərləndirmələr edildiyi qeyd olunmayıb.
“Sinod Ukrayna kilsəsinin avtokefaliyası haqda məlumatı dinləyib, bu məsələ tədqiq edilir və gələcəkdə qərar qəbul olunacaq”, – baş yepiskop Zosime Sinodun iclası yekunlaşandan sonra jurnalistlərə bildirib.
Sinod üzvü Çkondid mitropoliti, yepiskop Petre Tsaava jurnalistlərlə söhbətində daha geniş məlumat verib. Onun sözlərinə görə, Ukrayna kilsəsinin avtokefaliyası haqda məsələ Ümumdünya Patriarxlığı öz mövqeyini ifadə edəndən sonra daha dərindən müzakirə olunacaq.
“Düşünürəm ki, Gürcüstan pravoslav kilsəsi ağıllı mövqe tutub”, – yepiskop Petre bildirib, bu zaman öz mövqeyini də dəqiqləşdirib:
“Şəxsən mən hesab edirəm ki, Ukrayyna 40 milyon əhalisi olan bir ölkədir, müstəqil kilsəyə sahib olmalıdır və dualarında Ukraynaya qarşı təcavüzkar olan dövlətin birinci ierarxını anmamalıdır. Həmçinin o kilsə olaraq tabeçilikdə olmamalıdır, amma bu məsələnin həlli prosedur olaraq zaman tələb edəcək”, – yepiskop Petre bildirib.
Ukrayna tərəfi ümid edir ki, Gürcüstan patriarxlığı avtokefaliya məsələsində onu dəstəkləyəcək. Bu haqda Ali Radanın (Parlamentin) spikeri Andrey Parubiy bəyan edib.
Digər tərəf də fəallıq göstərir – apreldə Rusiya patriarxlığının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri mitropolit İllarion Gürcüstanda səfərdə olub. Gürcüstan patriarxlığının katibi dyakon Mikael Botkoveli bildirib ki, mitropolit İllarion bütün Gürcüstanın katolikos-patriarxı İkinci İliya ilə söhbəti zamanı Ukraynanın avtokefaliyası ilə bağlı məsələyə də toxunub.
- Aprelin 22-də Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Konstantinopol patriarxlığı Ukraynada vahid avtokefal kilsənin yaradılması üzrə mütləq prosedirlara başlayıb.
- Konstantinopol patriarxlığının sinodu bəyan edib ki, Ukrayna kilsəsinin avtokefaliyası məsələsində məlumatlandırma və addımların koordinasiyası planında pravoslav kilsələrlə fəal əməkdaşlıq edəcək.
- Bu gün Ukraynada Moskva patriarxlığına tabe olan qanuni kilsə və iki tanınmamış kilsə – Kiyev patriarxlığının pravoslav kilsəsi və Ukrayna pravoslav kilsəsi fəaliyyət göstərir.