Gürcüstan patriarxı sui-qəsdlə bağlı “müştərək istintaqa” ehtiyac olduğu fikrindədir
Bütün Gürcüstanın katolikos-patriarxı İkinci İliya bildirib ki, saxlanılmış protoiterey Georgi Maladzenin işini dövlət və kisə birlikdə araşdırmalıdır.
Patriarxın bəyanına görə, ictimaiyyət yaranmış vəziyyətdən narahatdır və bütün suallara cavab almalıdır.
“Elə bir vəziyyət yaranıb ki, kilsəmizin tarixində hələ olmayıb. Və bu sadəcə kilsənin deyil, həm də dövlətin problemidir. Buna görə də hakimiyyətimiz fəal şəkildə bu işə müdaxilə etməlidir və düşünürəm ki, siz bunun necə vacib olduöunu anlayırsız”, – patriarx Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşdə deyib.
Görüşün sonunda prezident bildirib ki, bu işlə bağlı günahsızlıq prezumpsiyası pozulub.
“Bütün tərəflərə özünü ifadə etmək və öz həqiqətini, öz versiyasını sübut eləmək imkanı verilməlidir. Hüquq-mühafizə orqanlarına imkan vermək lazımdır ki, onlar öz işlərini siyasi müdaxilə olmadan görə bilsinlər, Georgi ataya və onun vəkilinə isə ictimaiyyətə öz həqiqətini çatdırmaq üçün şərait yaradılmalıdır”, – Marqvelaşvili bildirib.
Saxlanılmış protoierey Georgi Mamaladzenin vəkili isə öz növbəsində bildirib ki, müvəkkili susqunluğunu pozmaq və yaxın günlərdə istintaqa ifadə vermək niyyətindədir.
Katolikos-patriarx İkinci İliya Almaniyada müalicə olunandan sonra fevralın 20-də Gürcüstana qayıdıb.
Katolikos-patriarx fevralın 2-dən Berlinin Helios klinikasında müalicədə idi. Fevralın 13-də o, öd kisəsindən əməliyyat olunub.
Patriarx alman klinikasında olduğu zaman, fevralın 10-da Tbilisi aeroportunda Berlinə yola düşməyə hazırlaşan Patriarxlığın Əmlakın İdarə olunması İdarəsinin rəhbəri Georgi Mamaladze saxlanılıb. Prokurorluğun bəyanatına görə, onun üzərində güclü zəhər aşkarlanıb, o, bununla “yüksək ranqlı dini xadimi” zəhərləmək istəyirmiş. Berlində İkinci İliyanın mühafizəsinin gücləndirilməsinə dair tədbirlər görülüb. Baş nazir və digər hakimiyyət mənsubları isə bildiriblər ki, dövlətə qarşı xüsusi ağır cinayətin qarşısı alınıb. Amma daha sonra prokurorluqdan bildirilib ki, sui-qəsd patriarxa qaşı planlaşdırılmayıb.
Fevralın 20-də saxlanılan şəxsin yeni vəkili həmçinin kilsə rəhbərinə qarşı sui-qəsd ittihamını təkzib edib. Mixail Ramişvilinin sözlərinə görə, Mamaladzeyə qarşı irəli sürülmüş ittihamda söhbət patriarxın katibi Şorena Tetruaşviliyə qarşı qəsddən gedir.
“Patriarxa qarşı heç bir təhlükə yox idi”, – vəkil bildirib. Bu günə qədər vəkillər istintaq sirri haqda iltizamı əsas gətirərək ittiham detalları haqda danışmaqdan çəkinirdilər.
Fevralın 17-də Georgi Mamaladze səhhətinin pisləşməsilə əlaqədar həbsxanadan klinikaya köçürülüb. Həkilərin sözlərinə görə, onun vəziyyəti normaldır, amma əlavə müayinəyə ehtiyac var.