Parlament müxalifəti etiraz olaraq plenar iclası tərk edib. Buna qədər də onun çoxluqla toqquşması baş tutub.
Gündəliyin təsdiqi zamanı “Avropa Gürcüstanı” Rustaveli prospektindəki hadisə – mitinq iştirakçılarının dağıdılması səbəbindən DİN başçısı Giorgi Qaxariyanın istefası haqda tələbi özündə əks etdirən layihəsini təqdim edib. “Gürcü arzusu”ndan olan deputatlar istefa ilə bağlı tələbi dəstəkləməyiblər. Bu məsələ ilə bağlı mübahisə əlbəyaxaya keçib.
İclas zalını tərk edəndən sonra “Avropa Gürcüstanı”nın üzvü Qiqa Bokeriya bildirib ki, iclasda iştirak etmək mənasız idi, çünki çoxluq “bütün Gürcüstan üçün ən aktual olan” məsələni nəzərdən keçirmək istəmir.
“Onlar daxili işlər naziri Giorgi Qaxariyanın məsələsini müzakirə etməyə heç hazırlaşmırlar da. Biz də belə mühüm bir vaxtda yeknəsəq qanun layihələri barədə söhbət etməyə hazırlaşmırıq. Bu, bütün cəmiyyəti alçaltmaqdır”, – Qiqa Bokeriya deyib.
Çoxluğun nümayəndələri çıxışlar zamanı 20-21 iyun hadisələrinə görə bütün məsuliyyəti müxalif “Milli hərəkat”ın üstünə atıb.
“Etiraf edirik və dönə-dönə üzr istəyirik, həqiqətən də bu iclas zalında dəhşətli yanlışlığa yol verilib”, — “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze Gürcüstan parlamentinin spikeri kreslosunu tutan RF Dövlət Dumasının deputatı Sergey Qavrilovun sədrliyi altında keçirilən və etiraz aksiyalarına gətirib çıxaran Parlamentlərarası Pravoslav Assambleyanın iclasını nəzərdə tutaraq deyib.
Mdinaradzenin sözlərinə görə, bundan sonra olan hadisələr təmiz müxalifətin üzərindədir.
“Onlar etiraz etməyə çıxan gənclərin emosiyalarından istifadə edib, onların hərəkətlərini məlum nəticələrə gətirib çıxaran məcraya yönəldiblər… İnsanlar yaralanıb və kimsə buna görə məsuliyyəti öz üzərinə götürməlidir”, – Mdinaradze deyib.
Daxili işlər nazirinin istefası məsələsi “Gürcü arzusu”nun özündə də debatlar yaradıb.
“Həmin alınan nəticələrə görə məsuliyyət DİN başçısının üzərindədir, onun yerinə olsaydım, istefa verərdim”, — “Gürcü arzusu”nun üzvü Bidzina Qeqidze iclasda deyib.
Giorgi Qaxariyanı “Gürcü arzusu”nun keçmiş üzvləri Qedevan Popxadze və Eka Beseliya da istefa verməyə çağırıb.
“Qaxariya olan yerdə həmişə qan və cəsədlər var. Reallıq budur”, – deyə Qedevan Popxadze bildirib.
Bu gün parlament 94 səslə, bir dənə də “əleyhinə” olmadan, Arçil Talakvadzeni parlamentin yeni spikeri seçib və təsdiq edib. Bu postda o, 20 iyun hadisələrinə görə istefa verən İrakli Kobaxidzeni əvəz edib.
Parlament iclası ilə eyni vaxtda onun çölündə etiraz aksiyası davam edib.