Gürcüstan parlamenti yerli GHT-lərin xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi məsələsini nəzərdən keçirir
Hüquqi məsələlər üzrə parlament komitəsinin iclasında yerli GHT-lərin xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi təşəbbüsü təqdim olunub.
Layihəyə əsasən, məhkəmə Gürcüstan hökumətinin müraciəti əsasında xaricdən (başqa dövlətin hakimiyyəti, xarici müəssisələr, başqa dövlətin vətəndaşları və s. tərəfindən) maliyyələşən və qrant verənlərin dövlət maraqlarına zidd maraqlarını müdafiə edən ictimai təşkilatların fəaliyyətini qadağan edə bilər.
Qanun layihəsinin təşəbbüskarı olan “Gürcüstan demoqrafik cəmiyyəti 21”in rəhbəri Zviad Tomaradze onu parlamentə martın 23-də təqdim edib.
Zviad Tomaradze özünün anti-liberal mövqeyi ilə məşhurdur. O, nikahın konstitusiyada qadınla kişi arasında ittifaq kimi müəyyən olunmasının lehinə çıxış edir. O, “Kazantip” festivalının keçirilməsinə qarşı çıxış edənlərdəndir, bu festivalın əslində əxlaqsızlığa xidmət etdiyini hesab edir. O, həm də abortların qadağan edilməsinin tərəfdarıdır.
Tomaradze hesab edir ki, Gürcüstanın bəzi qeyri-hökumət təşkilatları dövlət maraqlarına qarşı çıxış edirlər. Misal olaraq da bir neçə təşkilatın adını çəkib:
“Telavidə “Demokratiyaya cəlb olunma”nın ofisində “Ərə getməyin, çünki ər zalımdır” şüarı asılıb. Ölkəmizdəki faciəvi demoqrafik fonu nəzərə alsaq, məgər bu, dövlətə qarşı yönələn əməl deyilmi? Mən bunu belə qiymətləndirirəm”, – Tomaradze deyir.
O, həm də 2013-cü ildə Konstitusiya Məhkəməsinə torpaq haqqında qanundan şikayətlə müraciət edən “Beynəlxalq şəffaflıq – Gürcüstan” təşkilatının məsələsinə toxunaraq, vurğulayıb ki, bununla da əslində əcnəbilərə kənd təsərrüfatı təyinatlı torpaqların satılmasına qanuniləşdirilmiş maratori ləğv edilib.
“Qeyri-hökumət təşkilatlarının xaricdən aldıqları qrantları doğrultmaq üçün gürcü xalqını tolerant olmamaqda, dini və seksual azlıqların hüquqlarını tapdalamaqda, dövləti isə onların hüquqlarını kifayət qədər qorumamaqda günahlandırdığı başqa faktlar da var. Hesab edirəm ki, onları başqa dövlətlərin və iri xarici təşkilatların maraqlarına işləyən casus adlandırmağa tam haqqım və əsasım var”, – Zviad Tomaradze Gürcüstan parlamentinin hüquq komitəsinin iclasında deyib.
Deputatlar fərqli fikirlər səsləndirdilər. Onların bir hissəsi təqdim olunan təşəbbüsü dəstəklədi, digər hissəsi əleyhinə çıxış etdi. Çoxluğun üzvü, deputat Zakariya Kutsnaşvili bildirdi ki, şəxsi yanaşmadan başqa, heç bir arqument yoxdur ki, qeyri-hökumət təşkilatlarının donorlarla əlaqələri məhdudlaşdırılsın.
Müzakirə komitənin növbəti iclaslarında davam etdiriləcək. Mayın 11-də keçirilən iclasda hüquqi məsələlər üzrə komitənin nümayəndəsi izah edib ki, Tomaradzenin təşəbbüsü tam işlənib hazırlanmayıb, dumanlı ifadələr işlənib və məsələnin mahiyyətini müəyyən etmək mümkün deyil. O həm də qeyd edib ki, qanunvericilikdə təqdim olunan təşəbbüsün müəyyən bəndlərinə cavab verən maddə var və əgər kimsə hüquqlarının pozulduğunu hesab edirsə, məhkəmə instansiyalarına müraciət edə bilər.
Məhkəmə konstitusiyanı pozan və ya qarşısına bu məqsədi qoyan, dövlət quruluşunu zor gücünə dəyişməyə çalışan, ölkənin müstəqilliyinə, onun ərazi bütövlüyünə sui-qəsd edən ictimai təşkilatın fəaliyyətini qadağan edə bilər. Həm də zorakılıq və müharibəni təbliğ edən, millətlərarası, regionlararası və sosial ədavət yayan, silahlı birləşmələr yaradan və ya yaratmaqda olan və ya məhkəmə qadağasından sonra fəaliyyətini davam etdirən təşkilatın fəaliyyəti qadağan oluna bilər.