Gürcüstan Parlamenti “dinləmə” haqda qanunu qəbil etdi
Gürcüstan Parlamenti üçüncü, sonuncu oxunuşda 87 səs “lehinə” və 2 səs “əleyhinə” olmaqla daha əvvəl coşqun müzakirələrə səbəb olmuş gizli istintaq hərəkətləri haqqında qanun layihəsini qəbul edib.
Əsas yenilik Dövlət Təhlükəsizlik Xidməti yanında xüsusi operativ-texniki agentliyin yaradılmasıdır (ictimai hüquqlu hüquqi şəxs statusunda), bu quruma rabitə və internet vasitələri ilə gizli izləmə həyata keçirmək səlahiyyəti verilib. Agentlik parlament və baş nazir qarşısında hesabatlı olsa da, struktur olaraq DTX-a tabe olacaq.
Dinləmə xidməti əvvəlki kimi yenə də DTX-in səlahiyyətində qaldığı üçün qanun layihəsi müxalifət və qeyri-hökumət təşkilatları tərəfindən kəskin tənqid olunurdu.
Gürcüstan Parlamentinin Hüquq Komitəsinin sədri Eka Beseliya bildirib ki, yeni qanun Gürcüstanda həm insan haqlarını, həm də təhlükəsizlik maraqlarını qorumağa imkan verən ən yüksək standartlardan birini yaradır.
“Biz aparıcı ölkələrdə sınaqdan çıxarılmış bir müdafiə sistemi yaradırıq. Biz Konstitusiya Məhkəməsinin qərarına əməl elədik”, – Beseliya bildirib.
Eyni zamanda parlament çoxluğu ehtimal edir ki, daha əvvəl qanun layihəsini tənqid eləmiş prezident Georgi Marqvelaşvili qanuna veto qoyacaq. Belə olduğu halda prezidentin vetosuna üstün gəlmək üçün parlament yenidən səsvermə keçirməli olacaq.
Ötən ilin aprelində Konstitusiya Məhkəməsi “bunun sizə dəxli var” kampaniyasının (qeyri-qanuni dinləməyə qarşı) iştirakçıları olan QHT-in iddiasını təmin etdi və qət etdi ki, şəxsi xarakterli məlumatların DTX-nın sərəncamında olması şəxsi həyata əsassız müdaxilə riski yaradır.
Məhkəmə 2017-ci il martın 31-ə qədər qanunvericiliyi Konstitusiya normaları ilə uyğunlaşdırmaqla bağlı Parlamentə təlimat verib. Müxalif partiyaların və qeyri-hökumət təşkilatlarınin rəyincə, təqdim olunmuş qanun layihəsi Konstitusiya Məhkəməsinin təlimatına ziddir. Yanvarda “bunun sənə dəxli var” kampaniyasında iştirak edən QHT qanun layihəsinin müzakirəsində iştirakdan imtina ediblər.
Gürcüstanda gizli izləmənin tənzimlənməsi
- 2014-cü ildə DİN-də aparılan islahatlar nəticəsində Dövlət Təhlükəsizlik Xidməti yaradılıb. Bu, DİN-in funksiyalarının mümkün təkrarlanması və parlamentin nəzarət imkanlarının məhdudiyyəti baxımından QHT nümayəndələrinin tənqidinə səbəb oldu.
- 2015-ci il martın 31-dən “iki açar” adlanan sistem fəaliyyət göstərir ki, buna uyğun olaraq izləmənin həyata keçirilməsi üçün hüquq-mühafizə orqanlarına məhkəmə qərarından başqa şəxsi məlumatlar üzrə İnspektorun qərarı lazımdır. Amma güc qüvvələrinin əvvəlki kimi İnspektor və məhkəmə qərarı olmadan da gizli izləməni həyata keçirmək üçün texniki imkanları var.
- 2016-cı ilin aprelində Gürcüstanın Konstitusiya Məhkəməsi DTX-nin telekommunikasiya operatorlarının məlumatlarına texniki olaraq əlinin çatmasını konstitusiyaya zidd sayıb. Məhkəmə bəyan edib ki, qüvvədə olan qanun layihəsi şəxsi məlumatların alınmasına nəzarət mexanizmlərini təmin etmir.