Gürcüstan koronavirus pandemiyasının dördüncü dalğasının pikini yaşayır. Sutka ərzində ölüm halları qırxı keçib, gündəlik yoluxmalar isə çoxdan dörd mini aşıb.
Avqustun 10-da rekord sayda yoluxma halı – 5 697 qeydə alınıb, 54 nəfər vəfat edib.
Koordinasiya Şurasının qərarı ilə avqustun 10-dan5 nəfərdən artıq insan bir yerdə toplaşdığı halda açıq havada da maska taxmaq yenidən məcburi olub. Bu tələbin pozulmasına görə cərimə yenə də 20 ları [təxminən $6] təşkil edəcək.
İndiyə qədər yalnız qapalı məkanda və küçədə çox sayda insanın toplaşdığı yerlərdə – yarmarkalarda, dayanacaqlarda və sairə maska taxmaq məcburi idi.
Xəstəliklərə Nəzarət Milli Mərkəzi bütün kütləvi tədbirləri təxirə salmağı və ya heç olmasa bu tədbirlərdə iştirak edənlərin sayını minimuma salmağı tövsiyə edir.
“Ən azı 1.5-2 metr məsafə qaydasına əməl olunmalıdır. Həmçinin tövsiyə olunur ki, tədbir iştirakçıları tam vaksinasiyadan keçmiş və ya son 72 saatda PCR test, yaxud son 24 saatda sürətli antitel testi vermiş olsunlar”, – mərkəz rəhbəri Amiran Qamkrelidze deyib.
Epidemiyanın güclənməsi ilə əlaqədar olaraq prezident Salome Zurabişvili də kütləvi tədbirləri, o cümlədən də Gürcüstan olimpiadaçılarının Prezident Sarayında planlaşdırılmış qəbulunu təxirə salıb.